“Karyerada ilk addım" devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib (FOTO)


Digərləri 14 Dek 2018 14:50:50 192 0

“Karyerada ilk addım" devizi altında növbəti aktiv məşğulluq  tədbiri keçirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən növbəti aktiv məşğulluq tədbiri Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən növbəti aktiv məşğulluq tədbiri Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, “Karyerada ilk addım” devizi altında keçirilən tədbirdə məqsəd tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi olub. Tədbirin açılışında AzTU-nun rektor əvəzi Xalıq Yahudov və Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov iştirak ediblər. Qeyd olunub ki, gənclərin səmərəli məşğulluğunun təmin olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm istiqamətlərdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də bu istiqamətdə aktiv məşğulluq tədbirləri davam etdirilir. Cari ilin 11 ayında nazirliyin məşğulluq orqanları vasitəsilə işlə təmin olunanların 14 258 nəfəri və ya 28,4 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 1 212 nəfəri və ya 49,1 faizi gənclərdir. Bu il Nazirliyin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə 250-yə yaxın gənc peşə hazırlığına cəlb edilib.