5-ci start, 11-ci matç, 7-ci rəqib


İdman 14 Dek 2018 14:16:00 578 0

5-ci start, 11-ci matç, 7-ci rəqib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsindən mübarizəyə başlayacaq Zirə üçün ilk oyun yeni kubok mövsümünün startı olacaq.

Goal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail-lə ev qarşılaşması ilə "qartallar” bu turnirdə 5-ci mövsümə başlayacaq.

Zirənin eyniadlı komandası indiyədək 4 dəfə kubok yarışına qatılıb. 2014/15 mövsümündə debüt edən futbolçularımız ilk cəhdi uğursuz alınıb. Komanda 1/16 finalda keçirdiyi ilk görüşdə mübarizəni dayandırıb. Növbəti üç mövsümdə isə eyni ssenari təkrarlanıb: 1/8 finalı uğurla adlayan "Qartallar” 1/4 finalda dayanıb və hər dəfə eyni sayda – 3 oyun keçirib. Bu il turnirə 1/4 finaldan başlayacaq komanda ardıcıl 4-cü dəfə bu mərhələdə oynayacaq.

Ümumilikdə 10 kubok matçında qüvvəsini sınayan Zirə indiyədək heç-heçə etməyib. Hesabında 5 qələbə və eyni sayda məğlubiyyət olan komanda 11 qol vurub, 15-ni buraxıb.

Bu qarşılaşmalardan 4-ü evdə, 6-sı səfərdə baş tutub. Bunun səbəbi 1/4 finala qədərki raundlar 1 oyundan ibarətdi və adətən aşağı liqa təmsilçilərinin meydanında keçirilir. Zirə-nin ev matçlarında mütləq tarazlıq hökm sürür: 2 qələbə, 2 məğlubiyyət, top fərqi – 5:5. Səfərdə eyni sayda – 3 qələbə və məğlubiyyəti olan "Qartallar” 6 top vurub, 10-nu buraxıb.

Samir Abasov baş məşqçi kimi "Zirə”ni ilk dəfə kubok oyununa çıxaracaq. Əvvəlki 10 görüşdə bu vəzifəni 3 mütəxəssis yerinə yetirib. Adil Şükürov 6, Ayxan Abbasov 3, Bəhram Şahquliyev 1 kubok matçında iş başında olub.

Bu turnirdə 55 futbolçu Zirə-nin formasını geyinib. Kamal Bayramovla Vüqar Mustafayev oyun sayında rekordçudurlar – hərəyə 8. Vüsal İsgəndərli isə 7 dəfə meydana çıxıb.

Komandanın 11 qoluna 7 futbolçu imza atıb. Kubokdakı bombardir Nelson Bonilla 3, Vüsal İsgəndərli və Nurlan Novruzov hərəyə 2 dəfə fərqlənib. Digər 4 oyunçu - Aleksandr Şemonayev, Milan Duriç, David Manqa və Orxan Əliyevin hesabında 1 qol var.

Zirə kubokda ilk dəfə Səbail-lə görüşəcək. Bu komanda "Qartallar”ın yarışdakı 7-ci rəqibi olacaq. Əvvəlki 10 matçda zirəlilər 6 klubla üz-üzə gəlib.

Qeyd edək ki, Zirə-nin Səbail-lə ilk oyunu dekabrın 15-də, cavab matçı isə 19-da baş tutacaq.