Qurban Qurbanov: "Sporting-lə Bakıdakı oyun istisna, bütün oyunlarda komandamdan razı qaldım"


İdman 14 Dek 2018 10:06:00 730 0

Qurban Qurbanov: "Sporting-lə Bakıdakı oyun istisna, bütün oyunlarda komandamdan razı qaldım"

Goal.az-ın məlumatına görə, bunu Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə Arsenal-a 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında deyib.

"Bu gün futbolçularımdan razı qaldım, onlara təşəkkür edirəm. Arsenal qrup mərhələsinin bütün oyunlarında çox yaxşı çıxış etdi və hər kəsdən üstün oynadı".

46 yaşlı mütəxəssis yeganə qolun müəllifi Aleksandr Lyakazet və rəqibin gənc futbolçularının çıxışlarını müsbət dəyərləndirib: "Lyakazet haqda danışmağa söz kifayət qədər çoxdur. O, ustalıq səviyyəsi yüksək olan futbolçudur. Hər bir gəncin isə böyük potensialı var. İnanıram ki, onlar Arsenal-ın gələcəyidirlər və bu oyunçular üzərində çox uğurlu nəticələr əldə edəcəklər".

Qurbanov qrup mərhələsində Qarabağ-ın çıxışını isə normal dəyərləndirib: "Əvvəldən bilinirdi ki, favoritlər Arsenal-la Sporting-dir. Bu komandaların ustalıq səviyyələri və oynadıqları çempionatlar çox-çox fərqlidir. Düşünürəm ki, Arsenal Avroliqada yox, daim Çempionlar Liqasında çıxış etməlidir. Biz isə bəlkə bir qədər daha yaxşı oyun göstərə bilərdik. Amma bəzi hallarda bizim üçün çətin idi. Bacardığımız qədər çalışdıq ki, yaxşı təcrübə toplayaq. Ümumilikdə isə oyunlardan razı qaldım. Sporting-lə Bakıdakı oyun istisna olmaqla".

Qeyd edək ki, Qarabağ E qrupunda 6 oyundan 3 xalla sonuncu yeri tutub. Eyni xala malik Ukraynanın Vorskla komandası 3-cü olub. Arsenal 16 xalla 1-ci, Sporting 13 xalla 2-ci yeri tutaraq, 1/16 finala yüksəlib (sportnet.az).