NASAnın "IceSat2" peyki Yerin buz səthinin yeni xəritəsini hazırlayıb


Digərləri 14 Dek 2018 06:30:00 614 0

NASAnın "IceSat2" peyki Yerin buz səthinin yeni xəritəsini hazırlayıb

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) planetimizin orbitinə çıxardığı ən güclü "IceSat-2" peyki Yerin səthi haqda məlumatlar toplayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, üç ay bundan əvvəl kosmosa göndərilmiş peykin lazer qurğusu su hövzələrinin florası, buz təbəqəsi, meşələrin və göllərin dəqiq ölçülərini əks etdirən xəritə hazırlayır. Missiyanın elmi qrupunun rəhbəri, Texas Universitetinin professoru Lori Maqruder BBC-yə bildirib ki, lazer şüaları okean, dəniz və göllərdə su səthinin 30 metr dərinliyinə nüfuz edir və Kariblərdə 300 kilometrlik sahədə floranı öyrənir. Arktikanın buz səthi üzrə hazırlanan unikal xəritənin ilkin variantı isə Amerika Geofizika Birliyinin iclasında təqdim olunub.

Geofiziklər və astronomlar "IceSat-2" peykində yerləşdirilmiş yarım tonluq lazer qurğusunun saniyədə 10 min impuls işıq buraxmasını və onların hər birinin Yerin səthinin dərinliklərinə nüfuz etdikdən sonra siqnallar göndərməsini texnologiyanın mühüm nailiyyəti hesab edirlər. Onların fikrincə, bu metod Antarktida və Qrenlandiyada buz qatlarının əriməsi miqyasını da müəyyən etməyə imkan verir. Yeni lazer sisteminin daha bir üstünlüyü ondan ibarətdir ki, əvvəlki peyklərdən fərqli olaraq, dərin qatlarda baş verən dəyişiklikləri dəqiqliklə qeydə almaq mümkündür.