Toyuq şorbası, sarımsaq soyuqdəymənin qarşısını


Digərləri 13 Dek 2018 21:35:00 649 0

Toyuq şorbası, sarımsaq soyuqdəymənin qarşısını

Soyuqdəymənin bəzi ümumi sağalma təcrübələri var, hərçənd bu xəstəliyə 200-dək virus ştammı səbəb olur. Digər tərəfdən soyuqdəyməyə elə bu qədər də "ev müalicəsi" və ya "türkəçarə" mövcuddur.

Lakin bu "çarələr" nə dərəcədə effektlidir?

Ev müalicələrinin hamısının əsasında bizim immun sistemimizin gücləndirilməsi ideyası dayanır. Virus orqanizmimizə daxil olanda iki müdafiə sistemi ilə üzləşir: Anadangəlmə immun sistemimiz virusları yuyub bayıra çıxarmağa çalışır. Lakin adaptiv sistem, orqanizmin əvvəllər rastlaşdığı patogenləri hədəfləyir və yeniləri üçün yaddaş hüceyrələri hazırlayır ki, orqanizm gələn dəfə onları da tanıya bilsin.

Buna görə də biz suçiçəyinə bircə dəfə yoluxsaq da, tez-tez qiyafəsini dəyişən soyuqdəymə viruslarına dəfələrlə yoluxuruq.

Bu da məlumdur ki, həm həyat tərzi vərdişlərimizin, həm də qidalanmamızın immun sistemimizin möhkəməliyinə təsiri var.

London İmperiya Kollecinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Charles Bangham deyir ki, müəyyən vitamin və mineralların çatışmazlığı da immun sistemini zəiflədə bilər. Amma hər zaman nisbətən yaxşı qidalanması olan adamlara soyuqdəyməni götürən hansısa başqa yeməklər çətin ki, kömək etsin:

"Yalnız vitaminlərin, sink və ya dəmir kimi elementlərin çatışmazlığı olduğu hallarda qidaya bunların əlavə edilməsi köməklik edə bilər. Lakin əgər bütün bunların qəbulu sizin normal qidalanmanıza daxildirsə, qida əlavələrinin qəbulu immun sistemini olduğundan daha yaxşı etməyəcək".

Qida əlavələri

Belə olsa da, ümumi soyuqdəyməni araşdıran tədqiqatlar qida əlavələrinin təsir gücünə malik olduğunu göstərir.

Bu tədqiqatların əksəriyyətinin diqqəti qidadan daha çox, qida əlavəsinə yönəlib.

Bu baxımdan toyuq şorbasının soyuqdəyməni sağaltmasına dair elmi dəlillər yoxdur.

Lakin bunların arasında effektivliyi şübhə doğurmayan vasitə sarımsaqdır.

Qış fəslində aparılmış bir araşdrıma zamanı 146 sağlam adama 12 həftə ərzində gündəlik qaydada plasebo və ya sarımsaq veriblər.

Bir kiçik tədqiqat soyuqdəymə zamanı sarımsağın plasebodan daha güclü vasitə olduğunu göstərib

Plasebo qrupunda olanlara 65 dəfə soyuq dəyib və bunun nəticəsində 366 gün xəstəlik dövrü yaşanıb.

Lakin sarımsaq yeyənlərə 24 dəfə soyuq dəyib və bu 111 gün xəstəlik müddəti ilə nəticələnib.

Adamların soyuqdəymə zamanı müraciət etdikləri əsas qida əlavələrindən biri də C vitaminidir. Bəzi tədqiqatlar C vitamininin soyuqdəymə zamanı müalicəyə kömək etdiyini göstərsə də, bu kömək elə də böyük deyil.

C vitamininin qəbulunu araşdıran 29 tədqiqatın nəticələrində məlum olub ki, onun soyuqdəymədən müdafiə üçün elə də böyük effekti yoxdur.

Amma bir araşdırmaya görə C vitamininin qəbulu uşaqların 14 faizində soyuqdəymə müddətinin qısalmasında rol oynayıb. Böyüklərdə bu rəqəm 8 faiz olub.

Alimlər belə bir nəticəyə gəliblər ki, C vitamininin ziyanı olmadığından onu hər bir kəs öz üzərində sınaqdan keçirə bilər.

Portağal şirəsi müalicəvi və ya profilaktik qida kimi o qədər də güclü deyil.

Helsinki Universitetindən Harri Hemilä-nın fikrincə portağal şirəsinin soyuqdəymənin qarşısını aldığına dair sanballı elmi dəlillər yoxdur. O deyir ki, bu, bəlkə də portağalda C vitamininin miqdarının elə də çox olmaması ilə bağldır.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə bir kiçik şüşəyə doldurulmuş portağal şirəsindəki C vitamininin miqdarı 72 milliqramdır.

Gündəlik minimum normanın 40 milliqram olması nəzərə alınarsa, bu, elə də az deyil, lakin başqa qida əlavələrinə baxanda xeyli azdır.

Portağal şirəsi çətin ki, soyuqdəymədən qoruya bilsin

Bir də sink var. Bir elmi araşdırma göstərib ki, sink asetatının adi soyuqdəymə zamanı gündəlik qəbulu burun axmasının və tutulmasının müddətini üç dəfə qısaldıb, asqırmaları 22 faiz, öskürməni isə 50 faiz azaldıb.

Lakin araşdırma bunu da göstərib ki, sink asetatının effektli olması üçün onun qəbuluna soyuqdəymə simptomlarının ilk 24 saatı zamanı başlamalı və günə 80 milliqramlıq dozada çeynəmə həbləri qəbul edilməlidir.

Amma Hemilä bu qənaətdədir ki, diqqəti simptomların yox, soyqudəymənin sağalma müddətinə yönəltmək lazımdır.

Onun fikrincə bir çox tədqiqatlar zamanı təcrübələrdə iştirak edənlər müalicəni simptomların azalması ilə yarımçıq dayandırırlar. Onun 199 pesiyentlə apardığı təcrübə göstərib ki, sink həbləri qəbul edənlərdə soyuqdəymə üç dəfə tez sağalır.

Çox vaxt alimlər deyirlər ki, vitamin və mineralları qidalarla birlikdə qəbul etmək lazımdır.

Sink həbləri soyuqdəymə simptomlarının ilk 24 saatı ərzində qəbul edilərsə ağrının təsirini xeyli azalda bilər

Amma burada, məsələn C vitamininin qəbulu zamanı bir təhlükə yarana bilər. C vitaminini qida ilə birlikdə qəbul etdikdə onun dozasına nəzarət etmək çətin olur.