AzTU tələbələrinə dövlət qulluğu ilə bağlı məlumat verilib (FOTO)


Digərləri 13 Dek 2018 20:59:00 782 0

AzTU tələbələrinə dövlət qulluğu ilə bağlı məlumat verilib (FOTO)

Azərbaycan Texniki Universitetində (AzTU) “Dövlət Qulluğunun əsas vəzifələri və prinsipləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə Azərbaycan Texniki Universitetində (AzTU) “Dövlət Qulluğunun əsas vəzifələri və prinsipləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, tədbirdə Fondun sektor müdiri Xatirə Hüseynova, Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Əlişirin Şükürov, DİM-in aparıcı mütəxəssisi Sərxan Ağayev, yuxarı kurs tələbələri və magistrantlar iştirak ediblər. Universitetin prorektoru, professor İsa Xəlilov tədbiri açaraq, Bilik Fondu ilə birgə həyata keçirilən layihələrdən və bu əməkdaşlığın gənclərin maarifləndirilməsi işinə faydasından danışıb. AzTU-nun çoxsaylı məzunlarının maşınqayırma, metallurgiya, informatika və kompüter texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələrdə bu gün uğurla çalışdığını vurğulayan prorektor, gənclərin dövlət qulluğuna xüsusi maraq göstərdiklərini vurğulayıb. Sektor müdiri Xatirə Hüseynova Bilik Fondunun fəaliyyətindən bəhs edərək, gəncləri maarifləndirici layihələrdən faydalanmağa çağırıb. Bildirib ki, ali təhsilini başa vuracaq gənclərin iş həyatına başlamaları üçün dövlət qulluğu haqqında ətraflı məlumat almaları gələcəkdə iş tapmalarıına və uğurlu karyera qurmalarına yardım edəcək. Sektor müdiri Fondun təşkilatçılığı ilə gənclərin dövlət qulluğuna marağının stimullaşdırılması məqsədilə aztəminatlı ailələrdən olan yuxarı kurs tələbələri üçün ödənişsiz hazırlıq kurslarının açılacağını bildirib.