Rumıniyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)


Digərləri 13 Dek 2018 20:22:00 656 0

Rumıniyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci il dönümü ilə bağlı Rumıniyada anım tədbiri keçirilib.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Rumıniyanın paytaxtı Buxarest şəhərində növbəti anım mərasimi baş tutub. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdən komitənin aparat rəhbəri Daşqın Rəcəbli, səfirliyin əməkdaşları, Rumıniya azərbaycanlıları birliyinin üzvləri Buxarestdəki Tey parkında ümummilli liderin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyub. Daha sonra tədbir əvvəlcədən müəyyən edilmiş zalda davam etdirilib. Zalın foyesində tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış olublar. Qonaqlara dahi dövlət xadimi haqqında ətraflı məlumat verilib, tədbir rəsmi hissə ilə davam edib. Tədbirdə çıxış edən Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verərək, ölkəmizin yeni tarixinin bütöv bir hissəsinin müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Səfir qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirib. Vurğulanıb ki, 1993-cü ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını parçalanmaqdan məhz Heydər Əliyev xilas edib. Ulu öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi sayəsində ölkəmiz fəlakətdən qurtulub. Səfir bildirib ki, Azərbaycanın xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin əvəzsiz xidmətlərini xalqımız heç zaman unutmur. H.Nəcəfov bildirib ki, 1993-cü ildə xalqın israrlı təkidi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub və xarici siyasət sahəsində müsbət dəyişikliklər edilib. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.