“Birinci Korporativ Blokçeyn Platforması”nın açılış mərasimi keçirilib (FOTO)


Digərləri 13 Dek 2018 19:34:00 693 0

“Birinci Korporativ Blokçeyn Platforması”nın açılış mərasimi keçirilib (FOTO)

Blokçeyn texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri mövzusunda “Birinci Korporativ Blokçeyn Platforması”nın açılış mərasimi keçirilib.

Bakı. Blokçeyn texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri mövzusunda “Birinci Korporativ Blokçeyn Platforması”nın açılış mərasimi keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, açılış mərasimində nazir Ramin Quluzadə çıxış edərək bildirib ki, bu gün Azərbaycanda İKT sahəsində ən proqressiv texnologiyaların tətbiqinə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir. “Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkə iqtisadiyyatının innovativ inkişafı üçün ciddi addımlar atılır. Texnoparklar, biznes inkubatorlar yaradılır, startap hərəkatı ildən-ilə genişlənir. Bu prosesdə yüksək texnologiyalar, o cümlədən informasiya texnologiyaları sahəsi mühüm rol oynayır. Təcrübə göstərir ki, innovativ layihələrin böyük əksəriyyəti məhz informasiya texnologiyalarının tətbiqi ilə yaradılır. Müasir dövrdə İKT müxtəlif istiqamətlərdə inkişaf edir. Bu istiqamətlərə blokçeyn, bulud texnologiyaları, süni intellekt, böyük məlumatlar bazası və digərləri daxildir” – deyə nazir vurğulayıb. Nazir bildirib ki, son zamanlar blokçeyn texnologiyaları qlobal fenomenə çevrilib. Bu texnologiyaların tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır. “Dünyanın bir neçə ölkəsində artıq banklararası əməliyyatların blokçeyn üzərindən aparılması istiqamətində pilot layihələr həyata keçirilir. Bu gün blokçeyn texnologiyaları təkcə rəqəmsal pul vahidləri deyil, sistem reyestrləri, İT proqramları, məlumatların emalı, elektron imza kimi sahələrdə də istifadə olunur. Hesab edirik ki, bu sahə ölkəmizdə də geniş şəkildə araşdırılmalıdır”.