Departament rəhbəri: "Qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatlarının həcmi 3,5 faizə düşüb"


Digərləri 13 Dek 2018 17:21:00 630 0

Departament rəhbəri: "Qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatlarının həcmi 3,5 faizə düşüb"

"Vergilər Nazirliyinin yoxlamaların sayını azaltması nəzarət sisteminin zəifləməsi demək deyil".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov deyib.

X.İsgəndərov bildirib ki, vergidən yayınma hallarının qarşısının alınması, vergi ödəyicilərinin vergi öhdəliklərini tam və vaxtında yerinə yetirilməsi üzərində nəzarətin təmin edilməsi vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. Ölkə başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergidən yayınma hallarına son qoyulması, bu sahədə qətiyyətli tədbirlərin həyata keçirilməsi və şəffaflığın təmin edilməsi və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi ilə bağlı vergi orqanlarına mühüm tapşırıqlar verib:

"Məlum olduğu kimi, Vergilər Nazirliyi 2018-ci ili "kölgə iqtisadiyyatı"ndan şəffaf iqtisadiyyata keçid ili olaraq qəbul edib. Bu dövr sahibkarlıq subyektlərinə malların sənədsiz dövriyyəsinin aradan qaldırılması, gəlir və xərclərin uçotunun rəsmiləşdirilməsi, dövriyyələrin şəffaflaşdırılması, yol verilən vergidən yayınma sxemlərinin ləğv edilməsi və şəffaf fəaliyyətə keçid üçün müəyyən edilib. Vergi orqanları, öz növbəsində, qarşılıqlı addım olaraq vergi yoxlamalarının sayını azaldıb, funksional idarəetmənin səmərəliliyinin artırılması üçün struktur və kadr dəyişiklikləri aparıb. Əsas yanaşma budur ki, vergi orqanları sahibkarlarla münasibətlərini yeni, təmiz səhifədən başlamalıdırlar. Təbii ki, bu müəyyən hazırlıq tələb edir. Vergi orqanları üçün bu hazırlıq, öz strukturunu və iş metodlarını dəyişməkdirsə, sahibkar üçün mövcud çatışmazlıqları aradan qaldırmaqdır".