Sumqayıt Dövlət Dram teatrı “Qocanı öldürür”


Kriminal 13 Dek 2018 16:11:00 510 0

Sumqayıt Dövlət Dram teatrı “Qocanı öldürür”

İstər şəhər teatrları, istərsə də bölgə teatrları bir məqsədlə çalışır: tamaşaçılara maraqlı, fərqli üslubda hazırlanmış tamaşalar təqdim etsinlər. Bu tamaşaların hər biri digərindən rejissor yozumu, aktyor oyunu, rəssam işi, musiqi tərtibatı ilə fərqlənir.

Sumqayıt Dövlət Dram Teatrında Beynəlxalq layihə olaraq hazırlanmış Con Patrik "Qarını öldürməliyik" tamaşası yenidən tamaşaçılara təqdim edildi. Əsəri rus dilindən  tərcümə edən xalq artisti Svetlana Həkimova,  quruluşçu rejissoru Tatyana Şevçenko (Ukrayna), quruluşçu rəssamı Elena Karpenko (Ukrayna), bəstəkarı Telman Qəniyevdir. Donesk Dövlət Gənc Tamaşaçılar teatrının quruluşçu rejissoru (Ukrayna) Tatyana Şevçenko sözün  yaxşı mənasında əslində  əyalət sayılmayan Sumqayıt şəhər  teatrında səs-küyə səbəb olacaq tamaşa hazırlayıb.

Tamaşadakı hadisələr real, rejissor yozumu təqdirəlayiq, aktyor oyunları bir-birindən fərqli və maraqlı idi. Qeyd etmək istəyirəm ki, mən bu tamaşaya 2018-ci ilin dekabr ayında baxdım və tamaşadakı aktyor oyunu xoşuma gəldi.

Əsərdə hadisələr Pamella Kronkinin uçmaq təhlükəsi ilə üz-üzə olan evində cərəyan edir. Pamella Kronkin gecələr zibilxanaya atılan zibilləri yığmaqla məşğuldur. Onun əri və qızı yol qəzasında dünyalarını dəyişmişlər. Öz evində başını salıb yaşayan Pamelanın Con Yankidən başqa dostu-tanışı yoxdu.

Bir gün ətriyyat firmasının "böyüyü" və "işçisi" Qloriya Çulok (Sədaqət Nuriyeva) və Bred Vinner (Cəlal Məmmədov) onun evinə qonaq gəlirlər. Onlar Pamelanın zibillikdən topladığı boş fransız ətir şüşələrini almaq istəyirlər. Sol Bozo (Rauf Ağakişiyev) onların iziylə Pamelanın evinə gəlir, onların saxta ətir satmalarından polislərin xəbər tutduğunu öz "yoldaşlarına" xəbər verir. Onlar boş ətir şüşələrini almaqdan vaz keçirlər və qocanın evdə tək yaşadığını, evinin polis məntəqələrindən kənarda yerləşməsini görüb onunla yaşamağı qərara alırlar. Onlar üçü birgə oturub qocayla bağlı nə edəcəklərini müzakirə edirlər və qarıya yaxşı məbləğə özünü sığorta elətdirmələrini söyləyirlər, Pamela Kronki də özünü sığortalayır. Bundan sonra cinayətkarlar necə olur-olsun qarını öldürüb, sığortadan alacaqları əlli mini öz aralarında bölüşdürməyi qərara alırlar.

Onlar qətl gününü yeni ildə həyata keçirtməyi planlaşdırırlar, lakin həmin gün qarı özü də bilmədiyi neçəncisə doğum gününü qeyd edir. Cinayətkarlar qarını doğum günündə öldürməyi qərara alsalar da, Con Yankinin qonaq gəlməsi, onları fikirlərindən daşınırlar. Nəticədə qarının insani rəftarı onları bu fikirdən tamamilə döndərir.

İlahə Səfərovanın oynadığı Pamela Kronki saf, təmiz qocadır. O, insanları sevir və daima allahla söhbətində ona söz verir ki, insanların necə olmasından asılı olmayaraq onları sevəcək, onların eyiblərini görsə də özünü görməməzliyə vuracaq. Evinə qəbul etdiyi üç nəfərin cinayətkar, cani və qəddar insanlar olduğunu bilə-bilə Pamela Kronki onları evindən qovmur, onlara mərhəmətlə, insanfla yanaşır. Bəlkə də daxilən Pamela Kronki bilir ki, onların cani olmalarına yaşadıqları qəddar cəmiyyətin ağır qanunları səbəb olub. Bəlkə də, Pamela Kronki özü demişkən evinə girmiş cani qadını Qloriya Çuloku öz qızı Barbaraya bənzətdiyi üçün onlara ana məhəbbəti ilə yanaşır, onun sevgilisi Bred Vinneri isə kürəkəni hesab edir.

Tamaşa boyu aktrisa İlahə Səfərova mehriban, təmiz niyyətli, saf qəlbli qocanın iç dünyasını böyük müvəffəqiyyətlə tamaşaçılara təqdim edərək, özünəməxsus oyun tərzi ilə Pamela Kronkini tamaşaçılara sevdirir. Aktrisa maraqlı hərəkətlərlə, yaşına uyğun olmayan cəldliklə qonaqlarını qarşılayır, onlara hörmətlə yanaşır. Pamelanın insani hərəkətləri cinayətkarların fikrini dəyişir. Sonda onlar özləri dua edirlər ki, Pamela Kronkinə heç nə olmasın və əllərində tutduqları əlli minlik sığorta kağızını cırıb tullayırlar.