Ziyafət Əsgərov: “Görsək ki, Ermənistan imitasiya ilə məşğuldur, onda münaqişənin hərbi yolla həlli qaçılmaz olacaq” FOTO


Siyasət 13 Dek 2018 13:34:00 790 0

Ziyafət Əsgərov: “Görsək ki, Ermənistan imitasiya ilə məşğuldur, onda münaqişənin hərbi yolla həlli qaçılmaz olacaq”  FOTO

Son.az Azərbaycan Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun report-a müsahibəsini təqdim edir:

- Son vaxtlar cinayət qanunvericiliyinin humanistləşməsi ilə bağlı dəyişikliklər də tez-tez vurğulanır...

- Bəli. Yaxşı xatırlatdınız. Artıq xeyli müddətdir ki, ölkəmizdə hüquqi islahatlar həyata keçirilir. Onların da əsas mahiyyəti insanların hüquq və azadlıqlarının müdəfiəsinin daha da gücləndirilməsidir. Bildiyiniz kimi, 2017-ci il fevral ayının 10-da cənab prezident penitensiar sistemin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı çox mühüm sərəncam imzaladı. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq bir sıra normativ hüquqi aktlara, o cümlədən Cinayət Məcəlləsinə və Cinayət Prosesual Məcəlləsinə də xeyli dəyişikliklər edildi. Bir çox cinayət tərkibləri de-kriminallaşdırıldı və inzibati məsuliyyətə keçirildi. Başqa sözlə desək, həmin tərkiblərə görə cinayət məsuliyyəti inzibati məsuliyyətlə və ya digər yüngül sanksiyalarla əvəz olundu. Bir daha təkrar edirəm ki, burada əsas məqsəd Cinayət Məcəlləsini maksimum dərəcədə dövlətin humanist cəza siyasətinə uyğulaşdırmaqdan ibarət idi.

- Bəzi cəzalar var ki, onların de-kriminallaşdırılmasını Milli Məclis dəstəklədi, amma hüquq mühafizə orqanları dəstəkləmədi. Məsələn, narkotiklərlə və sair məsələlərlə bağlı müəyyən maddələrin ilkin bəndlərini misal çəkmək olar.

- Bu, olduqca böyük bir sosial problemdir. Məsələn, kimsə narkotik vasitələrdən istifadə edir və onda narkotik asılılıq yaranır. Sonradan onun müalicəsinə xeyli maliyyə vəsaiti sərf olunur. Yaxşı olmazmı ki, elə əvvəldən biz elə edək ki, həmin insan o vəziyyətə düşməsin, həmin vəziyyətdə cinayət törətməsin, başqasının hüquq və azadlıqlarına qəsd etməsin? Narkotik maddəyə aludə olan insanlar cəmiyyət üçün problemlər yaradır. Təbii ki, cəmiyyət buna biganə qala bilməz. Buna qarşı qanunvericilik tam ciddiyətilə mübarizə aparmalıdır.

- Azərbaycanda narkomaniyanın çoxalması, yaxud azalması barədə qanunvericilik orqanının təmsilçisi kimi statistika baxımdan nə deyə bilərsiniz?

- Narkomaniyanın statistikasını dəqiq bilmirəm. Amma onu bilirəm ki, bu qlobal bir problemdir. Biz Azərbaycan dövləti olaraq bu bəlanın qarşısını almaq üçün mümkün olan bütün sivil yollardan istifadə edirik. Yəni söhbət həm də ondan gedir ki, biz gənc nəsli və genefondumuzu mümkün olan bütün bəlalardan qorumalıyıq.

- Bəzən ehtiyatsızlıq nəticəsində, istəməyərək hadisələr baş verir. Məsələn, avtomobil qəzası zamanı sürücü piyadanı vurur...

- Bu hal bizim Cinayət Məcəlləmizdə nəzərdə tutulub. Əlbəttə, əgər hadisə ehtiyatsızlıq üzündən, yaxud piyadanın təqsiri üzündən baş veribsə, təbii ki, məhkəmə həmin halları nəzərə alır. Amma əgər cinayət narkotik sərxoşluq vəziyyətində törədilirsə, bu, məsuliyyəti ağırlaşdıran haldır.

- Silahlı Qüvvələrlə bağlı qanunvericilikdə səhv etmirəmsə ötən il ciddi dəyişikliklər edilib. Azərbaycan dövləti ordunu modernləşdirir, yeni-yeni silahlarla təchiz edir. Sizcə, bunu görən Ermənistan sülh danışıqlarında nəhayət ki, işğal etdiyi torpaqlardan çəkilməyi qəbul edəcəkmi, yoxsa Azərbaycan ordusu bunu gözləməyib qəti addım atacaq?

- Biz həmişə bəyan etmişik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq.

- Amma Ermənistan tərəfi bunu başa düşmür deyəsən...

- Bəli, başa düşmür. Buna görə də, biz müdafiə qabiliyyətimizi daha da möhkəmləndirməliyik. Azərbaycan həmişə güclü olmalıdır. Bizim zəif olmağa haqqımız yoxdur. Ermənistan həmişə bizə və digər qonşularına, hətta Rusiyaya arxadan zərbə vurub. Torpaqlarımızı Erməni vəhşiliyindən və işğalından azad etmək üçün bizim hər cür imkanımız var. Amma biz yenə də sülh danışıqlarına üstünlük veririk. Görsək ki, Ermənistan tam olaraq danışıqlar imitasiyası ilə məşğuldur, onda konfliktin hərbi yolla həlli qaçılmaz olacaq.

- Nikol Paşinyan Qarabağa tez-tez gəlir, Azərbaycanla bağlı, hətta bizim daxili işlərimizə dair bəyanatlar verir. Sizcə, bütün bunların arxasında nə durur?

- Bu bəyanatlar daha çox Ermənistanda keçirilən parlament seçkilərinə hesablanmış gedişlər idi.

- Yəni Paşinyan Qarabağdan kart kimi istifadə edir?

- Əlbəttə, onlar həmişə istifadə edirlər. Köçəryan da istifadə edib, Sarqsyan da. Ermənistanın "dövlət" siyasətinin kökündə bilirsiniz nə dayanır: "İtə deyirlər niyə hürürsən? Deyir ki, qorxuduram. Bəs quyruğunu niyə bulayırsan? Deyir ki, qorxuram".

- Son vaxtlar Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycanın da üzvlüyü barədə söz-söhbətlər gedir. Hətta Milli Məslisdən rəsmi səviyyədə bunu təqdir edəcək açıqlamalar da oldu. Sizcə, Azərbaycanın təhlükəsizlik baxımdan bu qurumda üzv olması nə dərəcədə zəruridir?

- Bu və ya digər təşkilatla əməkdaşlıq məsələsində biz ilk növbədə milli maraqlarımızı, suverenliyimizi və təhlükəsizliyimizi əsas götürürük. KTMT-ə daxil olan ölkələrlə bizim yaxşı münasibətlərimiz var. Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrimiz mövcuddur. Qazaxıstanla da həmçinin. Elə bu yaxınlarda cənab prezidentin Belarusa yüksək səviyyədə rəsmi səfəri oldu, xeyli müqavilələr imzalandı. Yəni o təşkilatda üzv olan dövlətlərlə onsuz da gözəl münasibətlərimiz var, istər iqtisadi, hərbi, istərsə də humanitar sahədə, var.

- Son vaxtlar Rusiyanın ayrı-ayrı ekspertləri, millət vəkilləri Azərbaycana qarşı hədə-qorxu məzmunlu açıqlamalar verirlər. Bunların arxasında nələr dayana bilər?

- Bildiyiniz kimi, Rusiya Dövlət Dumasında Konstantin Zatulin adlı ermənilərin yemlədiyi bir deputat var. Özü də ermənilərın çox məskunlaşdığı bölgədən seçilib. Uzun müddətdir erməni diasporunun, Ermənistan rəhbərliyinin maliyyələşdirdiyi bir şəxsdir. O və onun kimilər yığışıb Lazarev adlı bir dərnək açıblar, ildə bir dəfə görüşüb cəfəng bəyanatlar verirlər. Təbii ki, bu bəyənatlar Azərbaycanla Rusiya arasında olan mehriban qonşuluq və dostluq münasibətlərinə heç bir kölgə sala bilməz.

- MDB məkanının qaynar ərazilərində canlanma var. Ukrayna ilə Rusiya arasında münasibətlər gərginləşir, Gürcüstanda gərginlik yaranıb, Moldovanın da Dnestryanı bölgəsində müəyyən canlanma baş verib. Qarabağda necə, sizcə, belə bir gərginlik yarana bilərmi? Ümumiyyətlə, dünyanın gələcəyi çox dumanlı görünür. Siz necə düşünürsünüz?

- Təəssüf ki, indi bütün dünya toz içindədir. Hazırda Azərbaycanda həyata keçirilən siyasətin mahiyyəti də elə həmin o təlatümlərin ölkəmizdən yan keçməsinə nail olmaqdır ki, xalqımız sakit və rahat yaşasın. Dünyanın iri dövlətləri arasında münasibətlər xeyli gərginləşib. Görün iş nə yerə çatıb ki, bəzi hallarda bir dövlət başçısı başqa bir dövlətin başçısı haqqında təhqiramiz ifadələr işlətməkdən belə çəkinmir. Elementar diplomatik normalara və etiket qaydalarına belə əməl olunmur. Halbuki, vaxtilə SSRİ ilə ABŞ arasında soyuq müharibənin mövcud olduğu ən kəskin vaxtlarda belə nəzakət qaydaları gözlənilirdi. Bax belə qarışıq bir dünyada Azərbaycanda sabitliyi saxlamaq və bərqərar etmək, eyni zamanda iqtisadiyyatımızı uğurla inkişaf etdirmək heç də asan məsələ deyil. Amma prezidentimizin düşünülmüş və təmkinli siyasəti nəticəsində biz bunu edirik.

- Rəhbərlik etdiyiniz komitə korrupsiyaya qarşı mübarizə sahəsində qanunlara bir çox dəyişiklikləri parlamentə tövsiyə edib, qəbul olunub. Dövlət tərəfindən korrupsiyaya qarşı məqsədyönlü tədbirlər görülür, islahatlar barədə məlumatlar verilir. Keçmiş MTN, Rabitə Nazirliyi ətrafındakı hadisələrini də xatırlaya bilərik. Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə sahəsində qanunlara nə dərəcədə əməl edilir və hansı sahələrdə korrupsiya ilə bağlı daha çox davamlı tədbir görməyə ehtiyac duyulur?

- Əslində, korrupsiyaya qarşı mübarizə Azərbaycanda hələ keçən əsrin 70-ci illərinin əvvəlindən bir strategiya şəklində aparılır. Yadınızdadırsa, ulu öndər hakimiyyətə gələndən bir müddət sonra keçmiş SSRİ-də səs-sədaya səbəb olmuş "İstintaq" filmi çəkildi. Bu, korrupsiyaya qarşı mübarizənin SSRİ miqyasında ilk siqnalı oldu. Ulu öndər bir çıxışında qeyd edirdi ki, ona başqa müttəfiq respublika rəhbərlərindən zəng vurub "belə bir filmi hansı cəsarətlə çəkə bildiniz" deyirmişlər. Bəli, SSRİ-də bu problem var idi, sadəcə onu işıqlandıra bilmirdilər, cəsarətləri çatmırdı. Yalnız ulu öndər Heydər Əliyevin dəmir iradəsi sayəsində bu problem ortaya çıxarılıb göstərildi ki, bəli, bu sosial bəla mövcuddur və onunla mübarizə aparılmalıdır. 1993-cü ildən ümummilli liderimiz həmin enerji və iradəsi ilə bu problemə qarşı mübarizəni davam etdirdi. O mübarizə bu gün də davam edir. Korrupsiya həm də qlobal problemdir. Bəlkə də onun kökünü tam kəsmək mümkün deyil. Amma bü gün ölkəmizdə korrupsiyaya qarşı mübarizə tam ciddiyətil ilə davam etdirilir. Həm inzibati metodlarla, həm də qanunvericilik səviyyəsində. Əlbəttə, bu baxımdan institusional islahatları xüsusi qeyd etmək istəyirəm. Bu mənada "Asan" xidmətin yaradılması şəffaflığın təmin olunması istiqamətində çox mühüm addımlardan biridir. Yeri gəlmişkən onu da qeyd edim ki, "Asan" xidmət təcrübəsi bir çox dünya ölkələrində öyrənilir və tətbiq edilir.