“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb


Digərləri 13 Dek 2018 13:13:00 516 0

“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb

“Türk Hava Yolları” aviaşirkəti bu ilin noyabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb.

Bakı. “Türk Hava Yolları” aviaşirkəti bu ilin noyabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. Aviaşirkətdən Trend-ə verilən məlumata görə, hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 81,4% təşkil edib. Ötən ilin təsirini nəzərə alaraq sərnişin və kreslo-kilometrlərin sayı, həmçinin yüklənmə səviyyəsindəki artım Türkiyəyə və “Türk Hava Yolları”na olan marağın artmasının mühüm göstəricisidir. Bu ilin noyabr ayında sərnişin axınının artımı davam edib. Hesabat ayında daşınan sərnişinlərin ümumi sayı 4% artaraq 5,5 milyona çatıb. Yüklənmə səviyyəsi 81,4%-ə qalxıb. Cari ilin noyabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 2 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 81%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 84%-ə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 8%, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 13% artıb. Noyabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 25% artıb. Artım əsasən Afrika (32%), Şimali Amerika (45%), Uzaq Şərq (23%) və Avropa ölkələri (21%) hesabına baş verib. Noyabr ayında Afrika və Şimali Amerika regionlarının hər biri üzrə yüklənmə səviyyəsi 5 faiz bəndi, Orta və Uzaq Şərq ölkələri üzrə isə müvafiq olaraq 3 və 2 faiz bəndi artıb.