Beynəlxalq Əmək Təşkilatı əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə təlim kursu keçirib (FOTO)


Digərləri 13 Dek 2018 09:46:00 742 0

Beynəlxalq Əmək Təşkilatı əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə təlim kursu keçirib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə növbəti təlim kursu keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə növbəti təlim kursu keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov hazırda həyata keçirlən islahatların bir istiqamətinin də əmək müfəttişliyi sisteminin beynəlxalq innovativ təcrübələrdən irəli gələn səmərəli iş mexanizmləri əsasında təkmil səviyyədə qurulmasına və gücləndirilməsinə yönəldiyini vurğulayıb. E.Cəfərov BƏT-lə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın bu sahədə fəal dəstək olduğunu diqqətə çatdırıb. Xidmət rəisi bildirib ki, həmin Ölkə Proqramının prioritetlərindən biri də Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və potensialının artırılması, fəaliyyətin gücləndirilməsi, BƏT yanaşmaları da nəzərə alınmaqla səmərəli fəaliyyət mexanizminin və nəzarət sisteminin formalaşdırılmasıdır. Bu istiqamətdə beynəlxalq təşkilatla birgə işlər çərçivəsində əmək müfəttişləri üçün təlimlər təşkil olunur. Hazırkı təlim kursu da “Azərbaycanda əmək müfəttişliyi sisteminin gücləndirilməsi: Əməyin mühafizəsi və sağlamlığı üzrə məlumatların toplanması və istifadəsinin optimallaşdırılması, əmək müfəttişləri üçün strateji uyğunluq planlaşdırılmasına BƏT-in yanaşması” mövzusuna həsr olunub.