Yunus Oğuz: Qarabağın özündə Qarabağ klanını sıradan çıxarmaq istəyirlər


Digərləri 12 Dek 2018 21:00:00 526 0

Yunus Oğuz: Qarabağın özündə Qarabağ klanını sıradan çıxarmaq istəyirlər

Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatsa da, seçki qalmaqalı hələ də davam edir.

Bakı. Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatsa da, seçki qalmaqalı hələ də davam edir. İnqilabçı baş nazir Nikol Paşinyanın təlimatı əsasında seçkilərin saxtalaşdırılması və onun rəhbərlik etdiyi blokun seçkidən qalib ayrılmasının məhz seçkilərin saxtalaşdırılması nəticəsində mümkün olduğunu indi Ermənistanda da açıq-aydın səsləndirirlər. Paşinyanın qardaşı oğlu. həkimi, hətta bərbərinin belə parlamentə düşməsi inqilabçı Nikolun nə dərəcədə "demokrat" olduğunu bir daha ortaya qoyur. Bəs görəsən Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərindən sonra işğalçı ölkə hansı xətti tutacaq? Daha doğrusu Paşinyanın liderliyində Ermənistan Qərbə, yoxsa Rusiyaya doğru irəliləyəcək? Bu və ya digər məsələlər, eləcə də Ermənistanın bundan sonra hansı xətt yürüdəcəyi, hansı addımları atacağı ilə bağlı yazıçı-publisist, "OLAYLAR" qəzeti və eyniadlı İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuzla söhbətləşdik. -Yunus bəy, bu günlərdə Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi və Nikol Paşinyanın rəhbərlik etdiyi blok seçkidən qalib ayrıldı. Kifayət qədər seçki saxtakarlıqları və qanun pozuntuları ilə keçirilən seçkilər əslində demokrat adı ilə hakimiyyətə gətirilən Paşinyanın "demokratikliyini" ortaya qoymuş olmadımı? -Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq mən başqa bir məsələyə diqqət çəkmək istərdim. Belə ki, ermənilər özləri hər dəfə etiraf edirlər ki, Ermənistanda cəmi 2 milyon 900 min əhali var. Ermənilərin əksəriyyəti ölkəni tərk edib gedir. Düzdür, əvvəllər bu statistikanı açıqlamırdılar. Ancaq indi açıqlayırlar və birdən-birə seçkilərdən sonra açıqlama verirlər ki, səsvermədə 2 milyon 600 min nəfər işturak edib. Belə çıxır ki, Ermənistanda seçki yaşına çatmayanların sayı cəmi 300 min nəfərdir? Azərbaycanda 10 milyona yaxın əhali var və onların 5 milyon 300 min nəfərə yaxını səsvermə hüququna malikdir. Adətən ölkə əhalisinin yarısını səsvermə hüququna malik olmayan şəxslər təşkil edir. Ermənistanda isə bu rəqəm 300 min nəfər kimi göstərilir. Faktiki olaraq ya bu statistika saxta, pasifikasiya olunmuş statistikadır, ya da Köçəryandan, Sərkisyandan qalan statistikadır və həmin rəqəmlər əvvəl Köçəryan və Sərkisyana necə sərf edirdisə, indi də Paşinyana sərf edir. Müəyyən fondlar və yardım qurumlarından ianə, maddi yardımların alınmasında həmin statistika mühüm rol oynayır və oynayacaq. Təəssüflər olsun ki, həmin statistikanı Paşinyan da düzəltmədi. Seçkilərdə səsvermə hüququ olan vətəndaşların 39-40 faizinin iştirakı bir daha göstərdi ki, ölkədə statistikada göstərildiyi qədər əhali yoxdur. Digər bir məqama diqqət çəkmək istərdim. Belə ki, xarici ölkələrdə yaşayan Ermənistan vətəndaşlarının seçkilərdə iştirakı barədə də statistika açıqlanmadı. Deyəsən ermənilər xarici ölkələrdə seçki keçirmirlər. Çünki Rusiya, Fransa və digər ölkələrdə kifayət qədər Ermənistan vətəndaşı yaşayır. Bu da bir daha onu sübut edir ki, seçkilərdə kifayətqədər saxtakarlıqlar edilib. Necə olur ki, Türkiyə. Azərbaycan, Rusiya, hətta Orta Asiya respublikalarında belə seçkilər keçiriləndə səfirliklərdə baş tutan seçkilərin nəticələri barədə açıqlamalar verilir. Bu bir daha onu deməyə əsas verir ki, Ermənistanda keçirilən seçkilərdə saxtakarlıqlara yol verilib və həmin saxtakarlıqlar əsasında Nikol Paşinyan qalib olub. Ona görə də Paşinyanın demokrat adı altında qələmə verilməsinə lüzum yoxdur. Sadəcə Paşinyan istədiyi etdi, həyata keçirdi. -Ancaq seçkilərin əvvəlcə mart ayının sonlarında keçirilməsi nəzərdə tutulurdu -Əlbəttə, Paşinyan əvvəlcə parlament seçkilərinin mart ayının sonlarında keçirilməsinə razılıq vermişdi. Ancaq görünür onun yaxın ətrafı, başbilənləri Paşinyanı inandıra bildilər ki, mart ayında seçkilərə getsə uduzacaq. Paşinyan da öz növbəsində bütün gücünü ortaya qoydu ki, seçkini dekbar ayında keçirsin. Çünki xalqın hələ eyforiya vaxtıdır. Çünki seçkilər mart ayında keçirilsəydi Paşinyan seçkidən məğlub ayrılacaqdı. Düşünürəm ki, Paşinyanın başbilənləri Amerikanın məsləhətçiləridir. Təsəvvür edin ki. kiçik bir ölkədə Amerikanın səfirliyinin mindən artıq əməkdaşı var. Azərbaycanın 10 milyona yaxın əhalisi olduğu, strateji xətlər ölkəmizdən keçdiyi halda, bütün Qafqazın gözü Azərbaycan olduğu təqdirdə Amerikanın buradakı səfirliyinin heç 500 əməkdaşı yoxdur. Ancaq kiçik bir ölkə olan Ermənistanda Amerika səfirliyinin mindən çox əməkdaşı var. Hələ bu rəısmi rəqəmlərdir. Bunun üzərinə ayrı-ayrı fondlar, təşkilatlarda təmsil olunan şəxsləri də əlavə etsək kifayət qədər rəqəm edir. Elə Paşinyanı qələbə münasibətilə ilk təbrik edən də Amerika Senatı oldu. Ona görə Paşinyana təlimat verdilər ki, seçkiləri dekabrda keçirsin. Çünki xalq qışdan daha da kasıb və narazı halda çıxacaq. Bu da son nəticədə Paşinyan hökumətinə etimadsızlıqla nəticələnəcək. Fakt ondan ibarətdir ki, Paşinyanın simasında qərbyönlü qüvvələr, Avropa və Amerika Ermənistanda qələbə çaldı. Rusiyaya meyilli hesab edilən yalnız cüzi sayda insanlar parlamentə düşə bildi. Bundan sonra isə Rusiya hansı rolu oynayacaq maraqlıdır. Düşünürəm ki, Rusiya heç də sakit durub baxmayacaq və çalışacaq ki, Cənubi Qafqazda yeganə forpostu olan Ermənistanı əlindən buraxmasın. Təbii ki burada oyunlar da gedəcək. -Sizcə Paşinyan hansı oyunu oynayacaq? -Düçünürəm ki, Nikol Paşinyan ikili oyun oynayacaq. Çünki faktiki olaraq Ermənistanın sərhədlərini Rusiya qoruyur. Ölkənin strateji məhsullarını məhz Rusiya Federasiyası verir. Buğdadan tutmuş təbii qaza, enerjiyə qədər bütün bunlar Rusiya tərəfindən təmin edilir. Ancaq Nikol Paşinyan bu ikili oyunu nə zamana qədərə davam etdirəcək, onu zaman göstərəcək.