Aydın Səfixanlı: Ulu öndər Heydər Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi konsepsiyasının müəllifidir (ÖZƏL)


Digərləri 12 Dek 2018 19:04:06 593 0

Aydın Səfixanlı: Ulu öndər Heydər Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi konsepsiyasının müəllifidir (ÖZƏL)

Heydər Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi konsepsiyasının müəllifidir.

Bakı. İlhamə İsabalayeva - Dahi şəxsiyyət, görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olan Heydər Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi konsepsiyasının müəllifidir. Bunu Trend-ə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib. Onun sözlərinə görə, çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev dövründə gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bildi. A.Səfixanlı qeyd edib ki, müstəqil Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı islahatlar, insan hüquqları və azadlıqlarının təmini istiqamətində köklü dəyişikliklər məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin müstəqil respublikamıza başçılıq etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də məhz insan hüquq və azadlıqlarının qorunması olub. Ombudsman Aparatının rəhbəri bildirib ki, qısa zaman kəsiyində Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmini məqsədilə bir sıra mühüm islahatlar həyata keçirilib, müvafiq qanunvericilik aktları qəbul olunub, fərman və sərəncamlar imzalanıb: "Həyata keçirilmiş hüquqi islahatların təməli öz əksini ümummilli liderin memarı olduğu Azərbaycan Respublikasının yeni Konstitusiyasında tapıb. Bu ali sənədin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılıb, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi tətbiq olunub". A.Səfixanlı vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insan hüquq və azadlıqlarının təmini məqsədilə həyata keçirilən hüquqi islahatlardan biri də yaşamaq hüququnun təmini ilə bağlı olub. Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri ölüm cəzasının ləğvi olub. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir: "Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanmaqla şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu".