Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub


Digərləri 12 Dek 2018 18:02:33 711 0

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

Naxçıvan Muxtar Respublikası ikinci dəfə 2018-ci il üzrə Azərbaycanın iqtisadi regionlarının investisiya reytinqində qalib gəlib.

Bakı. Naxçıvan Muxtar Respublikası ikinci dəfə "Caspian European Club"un dəstəyi ilə fəaliyyət göstərən "Caspian Energy İnternational Media Group"un hazırladığı 2018-ci il üzrə Azərbaycanın iqtisadi regionlarının investisiya reytinqində qalib gəlib. Bu barədə Trend-ə "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. T.Əliyevin sözlərinə görə, reytinq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən regionların sosial siyasətinin və iqtisadi islahatlarının nəticələrini nümayiş etdirir və "Caspian Energy" jurnalının növbəti nömrəsində dərc olunacaq. T.Əliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi, elmi-mədəni, tikinti, sənaye və kənd təsərrüfatı, həmçinin turizm, nəqliyyat və kommunikasiya, infrastruktur sahələrində mühüm nailiyyətlər əldə olunub, istehsalatda artım və əhalinin rifah səviyyəsində yüksəliş qeydə alınıb. O bildirib ki, qazanılmış uğurlar sayəsində muxtar respublikanın iqtisadi potensialında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. İyunun 14-də Naxçıvan Biznes Mərkəzində keçirilmiş VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan–2018” də iştirak edən Naxçıvan Muxtar Respublikasının rəsmiləri, aparıcı Azərbaycan şirkətlərinin rəhbər və nümayəndələri bu proseslərin şahidləri olublar.