Akademik: Sadə, zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan Heydər Əliyev tarixə Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi kimi daxil olub


Digərləri 12 Dek 2018 17:18:10 721 0

Akademik: Sadə, zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan Heydər Əliyev tarixə Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi kimi daxil olub

Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan Heydər Əliyev tarixə Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi kimi daxil olub

Bakı. İlhamə İsabalayeva - Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan Heydər Əliyev tarixə Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev dünyanın bütün başqa dahi şəxsiyyətlərindən fərqli olaraq iki müxtəlif ictimai-siyasi sistemdə yaşayıb və hər iki sistemdə siyasət nərdivanının ən yüksək pilləsinə ucala bilib: "Xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev başlayıb. O, Bakı Dövlət Universitetinin yetirməsidir. Biz I kursda təhsil alanda onun oxuduğu qrup BDU-nu bitirirdi. O zaman Heydər Əliyev DTK-da çalışırdı. Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırdıq. Sonralar DTK sədri olanda isə sevinirdik ki, 20-30-cu illərdən fərqli olaraq daha bizi qıra bilməyəcəklər, çünki artıq bizim Heydər Əliyev kimi himayəçimiz var idi". Tarixçi ibrətamiz bir hadisəni xatırladıb: "1958-59-cu illər idi, III kursda oxuyurduq. Özüm də tələbə komsomol təşkilatının katibi idim. İstedadlı tələbələrdən biri sovet dövlətini pisləyən vərəqələr yaymışdı. Hamımız qorxurduq ki, bu gənci məhv edəcəklər. Mənə dedilər ki, qapalı komsomol yığıncağı keçirim. O zaman Heydər Əliyev DTK-da fəaliyyət göstərirdi. Yığıncaqda o da iştirak edirdi. Müxtəlif çıxışlar oldu. Bir qrup gəncin vəziyyətini yüngülləşdirmək, digər qrup isə onun universitetdən qovulmasını tələb edirdi. Yığıncaqda Heydər Əliyev bir saatadək gəncliyin qarşısında duran məsələlərlə bağlı çıxış etdi. Çox ibrətli çıxış idi və sonda iki cümlə ilə bu gəncin taleyini bütün təhlükələrdən qurtardı. Dedi ki, "görürəm, burada sağlam gənclik çoxluq təşkil edir, bu gəncin tərbiyəsinə gücünüz çatar". Sonralar başa düşdük ki, bir cəsarətli azərbaycanlının DTK kimi təşkilatda çalışması milyonlarla övladımızın məhvolma təhlükəsindən xilası deməkdir. Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələn il – 1969-cu ildə universitetin 50 illiyi tamam olurdu. Yubiley mərasimində, doğrusunu deyim, gözləmədiyimiz halda, respublikanın başçısı ana dilində çıxış etdi. Onda ziyalılarımız başa düşdü ki, respublika rəhbəri Azərbaycanın dirçəlişi yolunu tutub və bu istiqamətdə inkişafa doğru addımlayır". Y.Mahmudov ulu öndərin 60-cı illərin sonunda – 70-ci illərdə xalqımızın milli dirçəlişini necə cəsarətlə himayə etməsinin də canlı şahidi olub. Onun sözlərinə görə, Heydər Əliyev həmin zaman ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri olan Azərbaycan Ensiklopediyasında fəaliyyət göstərib. Akademik qeyd edib ki, böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi ensiklopediyaçılar və Ensiklopediya ətrafında toplanmış qabaqcıl ziyalılar o zaman çox cəsarətli addımlar atırdılar. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar: "Bunu da unutmamışam ki, milli oyanışımızın düşmənləri bizi ləkələmək üçün dəridən-qabıqdan çıxırdılar. Bütün bunlara məhəl qoymayaraq ulu öndər 1971-ci ilin martında mənə Ensiklopediya baş redaktorunun elmi işlər üzrə müavini kimi məsul bir vəzifə etibar etdi. Həmin illərdə biz məhz onun dəstəyi sayəsində ilk dəfə olaraq Azərbaycanın tarix xəritələrini çap etdirə bildik. Çox çəkmədən bizə “millətçi”, “burjua məfkurəçiləri”, “Sovet hökumətinin və Rusiyanın düşmənləri” damğasını vurmağa çalışdılar. “Sapı özümüzdən olan baltalar” xalqımıza qarşı 1918-ci ilin mart soyqırımını törətmiş Stepan Şaumyanın oğlunu – o zaman “Böyük Sovet Ensiklopediyası” baş redaktorunun birinci müavini işləyən Levon Şaumyanı Bakıya gətirdilər. Qara qüvvələr Azərbaycan ziyalılarına ləkə yaxmaq üçün özlərini oda-közə vurdular, lakin onlar məqsədlərinə çata bilmədilər". Y.Mahmudov bildirib ki, məhz Heydər Əliyevin sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi, o cümlədən özü nəinki DTK-nın təqiblərinə düçar olmayıb, hətta o dövr üçün dəhşətli bir iş sayılan partiya cəzasından da yaxa qurtara biliblər: "Mən cəbhə bölgələrini qarış-qarış gəzmişəm. Kərkicahanda, Xocalıda, Qubadlıda, Laçında gəncləri döyüşə ruhlandıranda hamı bir ağızdan deyirdi ki, bizi bu bəladan, fəlakətdən Heydər Əliyev xilas edəcəkdir, onu hakimiyyətə gətirin! Heydər Əliyev Atatürk, Cəvahirləl Nehru, Corc Vaşinqton, Bismark, De Qoll kimi məşhur siyasi xadimlərlə bir sırada duran insandır". Tarixçi əlavə edib ki, Azərbaycan elminin flaqmanı sayılan Milli Elmlər Akademiyası və onun çoxsaylı kollektivi ümummilli lider Heydər Əliyevin qayğısını və diqqətini həmişə hiss edib: "Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdə ölkənin ağır hərbi-siyasi böhran içində olmasına baxmayaraq, Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri ilə görüşərək onların fikirlərini öyrəndi. O, alim və elmi işçilərin sosial problemlərinin həlli istiqamətində təsirli addımlar atdı. O, fəxrlə bildirirdi ki, AMEA-nın keçdiyi yol Azərbaycan xalqının tarixində parlaq bir səhifədir. AMEA-nın Tarix İnstitutunda Azərbaycan xalqının ümummilli liderinin siyasi və dövlətçilik fəaliyyətinin akademik səviyyədə hərtərəfli və dərindən tədqiq olunmasına xüsusi diqqət yetirilir". Millət vəkili deyib ki, institutda bu məqsədlə geniş tədqiqat işləri aparılır, Heydər Əliyev irsini araşdıran ayrıca şöbə fəaliyyət göstərir: "İnstitutda ilk dəfə olaraq ikicildlik “Heydər Əliyev” fundamental araşdırması (2013), “Heydər Əliyev. Azərbaycan elminin keşiyində” adlı ikicildlik sənədlər toplusu (2013) və beş kitabdan ibarət “Azərbaycan Respublikasının tarixi” ikicildliyi (2016) nəşr olunub. “Azərbaycan Respublikasının tarixi”nin 1-ci cildi 1991-2003-cü illəri, daha doğrusu, tariximizin Heydər Əliyev dövrünü, 2-ci cildi isə 2003-2016-cı illəri – Prezident İlham Əliyevin başçılığı ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan böyük quruculuq, abadlıq illərini əhatə edir". Akademik vurğulayıb ki, çağdaş Azərbaycan bu gün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan-uğura qovuşur: "Tarixin ən qanlı burulğanı içərisində çabaladığımız günlər tarixə çevrilib! Azərbaycan dövlətçiliyi məkrli düşmənlərin qanlı caynağından həmişəlik xilas edilib! Bütün bunlar üçün qədirbilən xalqımız Heydər Əliyevə borcludur! Müasir dövrün böyük dövlət xadimi Prezident İlham Əliyev Heydər Əliyev ideyalarını uğurla və yaradıcılıqla inkişaf etdirərək Azərbaycan Respublikasının davamlı yüksəlişini təmin etmiş, ölkəmizi dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevirmişdir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin