Azərbaycanİran sərhədində vətəndaşların hərəkəti asanlaşdırılacaq FOTO


Siyasət 12 Dek 2018 14:32:00 745 0

Azərbaycanİran sərhədində vətəndaşların hərəkəti asanlaşdırılacaq  FOTO

İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri başa çatıb.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aparatında İran İslam Respublikasının sərhəd qoşunlarının nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti arasında səfər çərçivəsində keçirilmiş görüşlərin, aparılmış müzakirələrin və əldə olunmuş razılaşmaların nəticələrini təsbit edən protokol hazırlanıb. Protokol DSX rəisi general-polkovnik Elçin Quliyev və İİR Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayi tərəfindən imzalanıb.

DSX-dan Son.az-a verilən məlumata görə, sənəddə tərəflər arasında sərhəd mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların hərəkətinin daha da asanlaşdırılması, dövlət sərhədində qanunsuz fəaliyyətin, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qeyri-leqal miqrasiyanın, transsərhəd cinayətkarlığın digər növlərinin qarşısının alınması üzrə məlumat mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

Həmin gün İİR nümayəndə heyəti Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkil etdiyi "Çövkən" Milli Atüstü oyunu üzrə Prezident Kuboku çərçivəsində "Sərhədçi" çövkən komandası ilə "Omar" çövkən komandası arasında oyuna da tamaşa edib.

Zabit Əsgərov Son.az