Səməd Seyidov: "Azərbaycanın beynəlxalq aləmə, Avropaya inteqrasiyası da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır"


Digərləri 12 Dek 2018 14:07:00 519 0

Səməd Seyidov: "Azərbaycanın beynəlxalq aləmə, Avropaya inteqrasiyası da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır"

Azərbaycanın bugünkü inkişafı, tərəqqisi, qüdrətli bir ölkəyə çevrilməsi ulu öndər Heydər Əliyevin tərəfindən təməli qoyulmuş uğurlu siyasətin nəticəsidir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, müstəqil, güclü, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanı bizə məhz ümummilli lider Heydər Əliyev miras qoyub: "Bu gün Azərbaycanda bütün sahələrdə Heydər Əliyevin nişanəsi var, onun Azərbaycan xalqı üçün gördüyü işlər bu gün də öz bəhrəsini verir".

Millət vəkili vurğulayıb ki, Azərbaycan müstəqilliyinin ilk illərində olduqca çətin vəziyyətdə idi, ölkə bir tərəfdən erməni işğalına məruz qalmışdı, digər tərəfdən vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmişdi:

"Azərbaycan müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu məqamda xalq bu ağır vəziyyətdən çıxış yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. Məhz Heydər Əliyevin düşünülmüş siyasəti və qətiyyəti sayəsində ölkəmiz bu bəladan xilas ola bildi və inkişaf yoluna qədəm qoydu, ölkədə bütün sahələrdə köklü islahatlar aparıldı".

S.Seyidov qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmə, Avropaya, onun müxtəlif strukturlarına, o cümlədən Avropa Şurasına inteqrasiyası da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır:

"Ulu öndər Heydər Əliyev daxili siyasətlə yanaşı, xarici siyasət istiqamətində də mühüm addımlar atdı, qısa müddət ərzində Azərbaycanın bir çox dövlətlər və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı yarandı, ölkəmiz iri beynəlxalq layihələr həyata keçirməyə başladı. 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft müqaviləsinin imzalanması isə Azərbaycanın gələcək inkişafını təmin etdi".

Milli Məclisin komitə sədri bildirib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz hər il yeni uğurlara imza atır.