Hadı Rəcəbli: Ulu öndər Heydər Əliyev Azərbaycanın çətin dönəmində sosial müdafiə sahəsində çox uğurlu addımlar atdı (ÖZƏL)


Digərləri 12 Dek 2018 09:15:00 553 0

Hadı Rəcəbli: Ulu öndər Heydər Əliyev Azərbaycanın çətin dönəmində sosial müdafiə sahəsində çox uğurlu addımlar atdı (ÖZƏL)

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri əvəzsizdir.

Bakı. Elçin Mehdiyev – Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri əvəzsizdir. Ümummilli lider Azərbaycanın ən çətin vaxtlarında dövlətçiliyimiz üçün ən uğurlu addımlar atıb. Bunu Trend-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. H.Rəcəbli bildirib ki, həssas bölgədə yerləşən Azərbaycanda dövlətçiliyin bütün bəşəriyyətə örnək olan inkişaf modelinin qurulması istiqamətində Heydər Əliyevin tarixi xidmətləri dünyanın qəbul etdiyi və öyrəndiyi zəngin bir irsdir. Komitə sədri qeyd edib ki, Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi quruculuq və inkişaf missiyası 1969-cu ildən başlayır: “Həmin il Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlayandan sonra qısa zaman kəsiyində Azərbaycan SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Heydər Əliyevin rəhbərliyi altında başlayan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan ittifaq respublikaları arasında öz layiqli yerini tutdu”. H.Rəcəbli vurğulayıb ki, sovet illərində Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına da güclü təkan verən tədbirlər həyata keçirildi: “Bu mənada o illərdə təkcə sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi. Sovet ideologiyasının hakim olduğu dövrdə Heydər Əliyev xalqımızın mənəvi dəyərlərinin əriyib itməməsi üçün əlindən gələni etdi. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan xalqının milli-mənəvi dəyərlərini xalqın şüurundan silə bilmədi”.