Bahar Muradova: Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini xilas edərək onun əbədiliyini, dönməzliyini təmin etdi (ÖZƏL)


Digərləri 12 Dek 2018 00:01:00 607 0

Bahar Muradova: Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini xilas edərək onun əbədiliyini, dönməzliyini təmin etdi (ÖZƏL)

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini xilas edərək onun əbədiliyini, dönməzliyini təmin etdi.

Bakı. İlhamə İsabalayeva – “Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini qoruyub saxlaması, gücləndirməsi, inkişaf etdirməsi, hər bir Azərbaycan vətəndaşına bu dövlətin taleyi və gələcəyi üçün məsuliyyətli olmaq vərdişini aşılaması, müstəqil Azərbaycanın vətəndaşının tərbiyəsi istiqamətindəki işləri ölçüyəgəlməzdir. Bu gün biz belə ölkənin, getdikcə daha artıq tanınan, zənginləşməkdə olan bir dövlətin vətəndaşı olduğumuz üçün qürur duyuruq”. Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. B.Muradova qeyd edib ki, Azərbaycan xalqının yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Heydər Əliyev tarix boyu xatırlanacaq: “Ulu öndər Heydər Əliyev hər gün həm Azərbaycan vətəndaşları, həm də ölkəyə gələn qonaqlar tərəfindən yad olunur, onun keçdiyi həyat yolu daim xatırlanaraq dəyərləndirilir. Mən Heydər Əliyev haqqında onunla şəxsən tanış olan, yaratdığı Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan, həyatımda əhəmiyyətli izi olan bir insan kimi danışıram. Birmənalı olaraq deyə bilərəm ki, Heydər Əliyev böyük şəxsiyyət olub”. Vitse-spiker bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın ən çətin dövründə ikinci dəfə hakimiyyətə gəlib: “Nəzərə alsaq ki, onun birinci dəfə hakimiyyətə gəldiyi dövr də asan olmayıb. O zaman Azərbaycan iqtisadi və sosial çətinlikləri olan, ittifaq miqyasında geridə qalan, aqrar respublika xarakteri daşıyan bir ölkə idi. Həm o dövrdə, həm də ikinci hakimiyyəti dövründə Heydər Əliyev Azərbaycana çiçəklənmə, inkişaf, rifah gətirdi və onu ön sıralara çıxardı”. Milli Məclis sədrinin müavini əlavə edib ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra hər bir Azərbaycan vətəndaşının rifah içərisində yaşamasını təmin etdi. Heydər Əliyev həmin ildə prezident seçilməklə Azərbaycan dövlətini inkişaf etdirmək üçün çox böyük bir vəzifəyə rəsmən başladı, Azərbaycanın həyatında yeni eranın təməli qoyuldu". B.Muradova hesab edir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ikinci dövrü Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Çünki ulu öndər məhz bu dövrdə Azərbaycan dövlətinin müstəqilliyini xilas edərək onun əbədiliyini, dönməzliyini təmin edən, Azərbaycanı öz imkanlarının, potensiallarının sahibinə çevirən və birmənalı şəkildə “Azərbaycan dövləti var, onunla hesablaşmaq lazımdır və dünya durduqca Azərbaycan da dünya ölkələri sırasında olacaq” fikrini möhkəmləndirən bir fəaliyyət həyata keçirib: “Heydər Əliyevin xatirəsi qarşısında bir daha baş əyərək onu əmin etmək istəyirik ki, ulu öndər, biz sizin qoyduğunuz siyasi yolda fəaliyyətimizi davam etdirəcəyik və Azərbaycanı uğurdan-uğura qovuşduracayıq. Çünki bu gün Azərbaycanda Heydər Əliyev ideyaları ideya formasında deyil, onlar realdırlar, həyatdadırlar. Bu işin başında siyası varis, möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. Biz onun rəhbərliyi altında Heydər Əliyevin nəzərdə tutduğu layihələrin inkişaf istiqamətlərini həyata keçirməkdəyik. Hesab edirəm ki, bu, davam etdikcə Heydər Əliyevin dəyəri, onun xidmətləri getdikcə daha artıq nəzərə çarpacaq. Azərbaycanın gələcəyi parlaqdır, parlaq gələcəyin də qurucusu birmənalı olaraq ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçirilməkdədir. İnkar etmək mümkün deyil ki, Azərbaycan xalqının rifahının yüksəldilməsinə, daxili sabitliyin qorunmasına və cəmiyyətin bütün sahələrində – enerji, nəqliyyat, turizm, təhsil, səhiyyə və digər sahələrdə önəmli layihələrin həyata keçirilməsinə istiqamətlənmiş siyasət Heydər Əliyev ideyalarının tərkib hissəsidir”. Onun sözlərinə görə, bu ideyalara söykənən xarici siyasət kursunun mahiyyəti Azərbaycanın daha təkmil bir dövlət kimi yeni, qüdrətli imicini və nüfuzunu formalaşdırmaqla yanaşı, həm milli-mənəvi dəyərləri, həm də müasirliyi özündə əks etdirən üçrəngli Azərbaycan bayrağının daha uca zirvələrdə dalğalanacağına əminlik yaradan başlıca amildir. Milli Məclis sədrinin müavini vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da modernləşdirilir, müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin