Bakıda “Uşaqları güldürək ki, dünya gülsün” adlı aksiya


Digərləri 11 Dek 2018 18:07:00 800 0

Bakıda “Uşaqları güldürək ki, dünya gülsün” adlı aksiya

Bakıda "Uşaqları güldürək ki, dünya gülsün" adlı xeyriyyə aksiyası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, aksiya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə  "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən təşkil edilib. Tədbir fiziki imkanları məhdud uşaq və yeniyetmələrə həsr olunub.

Tədbirin açılışında "Yeni Həyat" İctimai Birliyinin sədri Nailə İsmayılova qeyd edib ki, yardım və dəstəyə ehtiyacı olan insanlar hər gün özlərinə qarşı qayğı hiss etməlidirlər. Onun sözlərinə görə, aksiyanın təşkilatçıları hər bir uşağı diqqət və qayğı ilə əhatə etməyə yönəlib.

N. İsmayılova bildirib ki, Azərbaycanda xeyriyyəçiliyin keçirilməsi qeyri-adi hal hesab olunmur: "Bir çox insan köməyə ehtiyacı olanlara qarşılıqsız yardım edir. Hamımız bilirik ki, ağır xəstəlikləri olan uşaqlara, yaşlı insanlara və yaşayış şəraiti ağır olan insanlara dəstək lazımdır. Aksiyamız hamıya xatırladır ki, yanımızda köməyə ehtiyacı olan uşaqlar və yeniyetmələr var. Hər birimiz bu köməyi göstərmək, bir az vaxt ayırmaq, öz diqqətini, sevgisini, istliyini və qayğısını yönəltmək gücündədir".

Azərbaycan Milli Geyim Mərkəzinin və AQSİA-nın "Sosial iş" komissiyasının rəhbəri Gülnarə Xəlilova AQSİA-nın sədri Səkinə Babayevanın adından qonaqları salamlayıb və qeyd edib ki, bu cür tədbirlər həm fiziki məhdudiyyətləri olan, həm də dolğun həyat yaşayan insanları birləşdirir və bu, olduqca  vacibdir.