Siyavuş Novruzov: Dahi şəxsiyyət Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməklə işıqlı gələcəyimizi şərtləndirdi


Digərləri 11 Dek 2018 15:32:33 338 0

Siyavuş Novruzov: Dahi şəxsiyyət Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməklə işıqlı gələcəyimizi şərtləndirdi

Dahi şəxsiyyət Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməklə işıqlı gələcəyimizi şərtləndirdi.

Bakı. 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli tariximizin hər bir səhifəsini vərəqləməyə geniş imkanlar yaradır. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. İllər biri-birini əvəzlədikcə, bu günümüzdən dünənimizə bir baxış keçirməklə uğurlarımızın fonunda keçilən yolun dəyərləndirilməsinin obyektiv aparılmasının bir zərurət olduğu daha aydın görür, tarixdə şəxsiyyətlərin rolunu daha yüksək qiymətləndirir, ən əsası aforizmə çevrilən bu fikri bir daha təsdiqləmiş oluruq: keçmişinə bağlı olan, bu günü ilə qürur duyan, gələcəyə böyük ümid bəsləyərək inamla irəliləyən xalqlar tarixin sərt və çətin sınaqlarından üzüağ çıxaraq, milli varlığını yüksək səviyyədə qoruyur, sözünün imzası qədər dəyəri olduğunu dünyaya nümayiş etdirir. Azərbaycan xalqı 1991-ci il 18 oktyabrda tarixi uğur qazanaraq dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin həmin dövrdə ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, ən əsası şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı böyük uçurum qarşısında qoymuşdu. Daxili çəkişmələr, silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi, Ermənistanın təcavüzü böyük çətinliklər yaratmış, xalqın sabaha inamı itirmişdi. 90-cı illərin həmin çətin anlarında məhz ulu öndər Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi. Dahi şəxsiyyətin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə yeri və rolunun artmasında, ən əsası iqtisadi böhrandan xilas olub dinamik inkişaf yoluna çıxmasında misilsiz və müstəsna rol oynadı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında söylədiyi «Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik» fikirlər Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı səhifələrinə işıq salmaqla yanaşı, ulu öndər Heydər Əliyevin dövlətimiz qarşısında xidmətlərinin miqyasının nə qədər böyük olduğunu təsdiqləyir. Dahi şəxsiyyət Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməklə işıqlı gələcəyimizi şərtləndirdi. Dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlar bir daha bu reallığı ortaya qoyur ki, hər bir ölkənin inkişafında onun lideri əhəmiyyətli rol oynayır. Milli lider dövlətin özünütəsdiqində, xarici siyasətin formalaşmasında mühüm rol oynayan əsas amildir. Liderin həyat təcrübəsi, dünyagörüşü, siyasi iradəsi inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsinə stimul verir, ən çətin məqamlarda düzgün yol seçməyə imkan yaradır. Dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərini dəyərləndirmək üçün tarixə qısa baxış keçirmək hər zaman bir zərurətdir. Onun uzun illər Azərbaycana rəhbərlik etməsi faktı özlüyündə Heydər Əliyev şəxsiyyətində ifadəsini tapan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hisslərinə olan sarsılmaz ümumxalq inamının təzahürüdür. Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışı ilə dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, dünya birliyinin layiqli üzvü olan Azərbaycanı yaratmaqla xalqla hər zaman bir olduğunu, Vətənini, torpağını canından çox sevdiyini bir daha nümayiş etdirdi. 1993-cü ilin 3 oktyabrında yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini yenidən təsdiqləyən ümummilli lider Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin oktyabrında keçirilən andiçmə mərasimində bildirmişdir: “Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla ölkəmizin dünya birliyinə açılan yoluna “yaşıl işıq” yandırdı. Bu baxımdan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması vacib amil kimi önə çəkilirdi. Daxili siyasətin uğurları Azərbaycanın beynəlxalq aləmdə yeri və roluna da öz müsbət təsirini göstərdi. Bir əsas məqamı xüsusi qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü il 12 mayda atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin möhkəmləndirilməsinə, digər sahələr üzrə əhəmiyyətli addımların atılmasına stimul verdi. Malik olduğu təbii resurslardan səmərəli istifadə etmək, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirmək, ən əsası birgə səylər, qarşılıqlı təcrübə mübadiləsi sayəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün 1994-cü ilin 20 sentyabrında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında «Əsrin müqaviləsi» imzalandı. Bununla Azərbaycan öz iqtisadi imkanlarını dünyaya təqdim edərək, növbəti sazişlərin imzalanmasına zəmin yaratdı. İllər keçdikcə, Azərbaycan yeni-yeni dostlar qazandı, səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidildi, diplomatik uğurları diqqət çəkdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərildi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan bu dahi şəxsiyyətin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü bütün prioritetlərin əsasında qüdrətli respublikanın inkişaf perspektivləri- düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün vətən olması və digər biri-birindən məsuliyyətli vəzifələr dayanırdı. Bu gün qürur hissi ilə deyə bilərik ki, bu vəzifələrin öhdəsindən layiqincə gəlinmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə çoxdur. Məhz onun təşəbbüsü ilə dünyanin müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi vacib amil kimi önə çəkildi. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I qurultayını keçirməklə, soydaşlarımızın həmrəyliyini təmin etməklə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporunun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu, görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün müvafiq dövlət komitəsi yaradıldı. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, dünyanın müxətlif ölkələrinə səpələnmiş soydaşlarımız Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz töhfələrini verir, yaşadıqları ölkələrdə həqiqətlərimizin təbiliği istiqamətində biri-birindən əhəmiyyətli uğurlara imza atırlar. Erməni yalanlarının ifşa olunmasında, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında birgə səylərin göstərilməsi mütləqdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayında səsləndiridyi bu fikri bir daha qeyd etmək istərdik: “Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir”. Bu gün Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasının əsasında ulu öndərin hazırladığı neft strategiyası, ölkənin enerji siyasətinin uğurlu həlli dayanır. Təkcə cari ildə enerji sektorunda əldə olunan uğurlara nəzər salmaq kifayətdir. May ayında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı, iyunda onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, oktyabrda Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışı və s. kimi biri-birindən mühüm hadisələr regional əməkdaşlığın əsas aparıcı qüvvəsi olan Azərbaycanın bu əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olduğunu, eyni zamanda, ulu öndər Heydər Əliyevin dünya praktikasına istinadən söylədiyi “Heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” tezisinin bu gün də həyata keçirilən siyasətin ana xəttini təşkil etdiyini təsdiqləyir. Bir sözlə, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində məhz ulu öndər tərəfindən qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycana inamı artırmaqla, bugünkü uğurları şərtləndirdi. “Əsrin müqaviləsi”ndən sonra imzalanan onlarla müqavilələr, ən əsası ötən il “Yeni əsrin müqaviləsi”nin imzalanması ölkəmizin beynəlxalq münasibətlər siçtemində yeri və roluna bir daha işıq saldı. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasətini yeridən, Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur. Təbii ki, 15 iyun 1993-cü il tarixinin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil edilməsi də səbəbsiz deyil. Bu tarix Azərbaycanın xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilasını, inkişaf, tərəqqi yoluna çıxdığını ümumiləşdirdi. Bugünkü Azərbaycan reallıqları həmin tarixin, Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirən Heydər Əliyev ideyaları ölkəmizin qarşısında yeni-yeni imkanlar açır, yeni-yeni uğurlara aparır. 2003-cü ildə ulu öndər Heydər Əliyevin xalqa müraciəti, ən əsası cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi böyük yolun davamı kimi tarixə yazıldı. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Son 15 ildə hər vədin konkret əməli işdə öz təsdiqini tapdığının şahidiyik. Cənab İlham Əliyevin bu fikirlərini xatırlatmaq istərdik: “Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir”. Bugünkü qüdrətli Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin şah əsəridir. Məhz inkaredilməz olan bu reallıqlara söykənərək dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri Siyavuş Novruzov Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin