Jurnalistin atasını öldürən sürücünün qohumu məhkəmədə yalan danışdı


Digərləri 11 Dek 2018 14:50:00 453 0

Jurnalistin atasını öldürən sürücünün qohumu məhkəmədə yalan danışdı

Bakı Apellyasiya Məhkəməsində jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə proses davam etdirilib.

Bakı. Samir Əli - Bakı Apellyasiya Məhkəməsində jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə proses davam etdirilib. Trend-in məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda işin mülki iddia hissəsi araşdırılır. Prosesdə əlavə şahidlər dindirilib. Mülki iddiaçı İmdad Əlizadənin nümayəndəsi Abil Bayramov bildirib ki, təqsirləndirilən şəxsin vəkilinin verdiyi vəsatət əsasında çağırılan şahidlərin ifadələri bu işin mahiyyəti üçün heç bir əhəmiyyət kəsb etmədiyindən nümayəndə kimi sual vermək hüququndan imtina edir. Daha sonra prosesdə şahid qismində ifadə verən Əli Şahmərdanov deyib ki, hadisəni törədən Seymur Qarayev onun qardaşının kürəkənidir: “Hadisə baş verəndə qardaşım mənə xəbər edib. Rəhmətlik Əli müəllimi “Semaşko”ya (1 saylı Kliniki Tibbi Mərkəz) apardılar. 7-8 gün orda qaldı. Həmin vaxt biz onun müalicə xərclərini çəkdik, köməklik etdik”. Zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə şahidə suallar verib. Suallara cavab olaraq Əli Şahmərdanov bildirib ki, bir dəfə ona pul verib: “Bir dəfə qardaşımın yanında pul vermişəm”. İmdad Əlizadə şahidin yalan danışdığını söyləyib. O vurğulayıb ki, Əli Şahmərdanov heç vaxt atasının müalicə olunduğu xəstəxanalara gəlməyib: “Bu adamı ilk dəfədir görürəm”. Prosesdə daha sonra təqsirləndirilən Seymur Qarayevin qayınatası Səlim Şahmərdanov dindirilib. O qeyd edib ki, hadisə olandan dərhal sonra xəstəxanaya gedib: “Seymuru ora qoymurdum getsin. Əli müəllim ziyalı adam idi. Allah ona rəhmət etsin. 9 gün “Semaşko”da qaldı. Həmin 9 gün mən orda olmuşam. Xəstəxanada nə xərc olubsa, ödəmişəm. Oğlu atasını özəl xəstəxanaya köçürmək istəyirdi. Özü atasına görə ora 4-5 həkim gətirmişdi. Hamısı xəstənin vəziyyətinə baxmışdı. Mən orda da dedim ki, bizim gücümüz nəyə çatırsa, onu edəcəyik”. İmdad Əlizadə şahidə sual verərək ora gələn həkimlərin rəyini soruşub. Səlim Şahmərdanov isə bildirib ki, həkimlərin rəyini İmdaddan eşidib: “Həkimlər gələndə mən qırağa çəkilirdim. Sonra səndən soruşurdum. Bir dəfə səninlə birlikdə “alman soku” almağa getmişəm. Orda xəstəxanada yox idi”. Zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə deyib ki, şahidin “alman soku” adlandırdığı dərman komada olan xəstələr üçün nəzərdə tutulub: “Xəstəxanada ondan yox idi. Özəl xəstəxanaya köçürüləndən sonra demək olar ki, atama hər gün o dərmandan verilirdi”. İmdad Əlizadə həmçinin Səlim Şahmərdanov və onun qardaşı Əli Şahmərdanova çarpaz suallar verib. Suallara cavab olaraq Səlim Şahmərdanov bildirib ki, heç zaman İmdad Əlizadəyə pul verməyib: “Biz həkimlərə, dərmanlara pul vermişik. İmdada heç zaman əlbəəl pul verməmişəm”. Bu zaman Əli Şahmərdanov bir qədər əvvəl verdiyi ifadəni dəyişib. O qeyd edib ki, komada olan Əli Əliyevin müalicəsinə kömək üçün pulu qardaşı Səlimə verib: “Rəhmətlik “Semaşko”da reanimasiya şöbəsində müalicə olunurdu. Onun yanına bizi buraxmırdılar. Pulu biz aşağıda yığırdıq, Səlim yuxarı aparırdı”. İmdad Əlizadə isə əlavə olaraq deyib ki, atası Əli Əliyevin komada olduğu 504 gün ərzində müalicəyə 137 min manatdan artıq pul xərclənib: “Atamı avtomobillə vuraraq komaya salan Seymur Qarayev isə müalicəyə ümumilikdə 4 min manat pul verib. Mən bunu inkar etmirəm. Yerdə qalan 133 min manatdan artıq vəsaiti isə biz borc-xərc edib xəstəxanalara ödəmişik”.