Bakıda 7ci sinifdə oxuyan qızla evlənmiş müəllim danışdı:


Digərləri 11 Dek 2018 12:54:31 622 0

Bakıda 7ci sinifdə oxuyan qızla evlənmiş müəllim danışdı:

Mən 7-ci sinifdə oxuyan qızla evlənməmişəm. Verilişdə fikrim təhrif olundu, aparıcı şou yaratmaq xatirinə etdiyi hərəkətlərlə məni çaşdırdı.

Xəbəral.az saytının baş redaktoru Mirismayıl Xələfli dəvət olunduğu "El bizim, sirr bizim" verilişindəki qalmaqallı açıqlamasını şərh edərkən belə deyib.

Son.az bildirir ki, işləyən qadınların məişət problemləri və onların ailə işləri üçün necə vaxt tapmaları probleminin müzakirə olunduğu verilişdə M.Xələfli etiraf edib ki, məktəbdə dərs deyərkən yeddinci sinif şagirdi olan qıza aşiq olub.

"Mən özüm ali təhsilliyəm. Yeddinci sinifdə oxuyan qızla ailə qurmuşam. Mən onu məktəbdən çıxardım ki, sonra mənə "işdə yorulmuşam, yemək bişirə bilmirəm" deyə bilməsin", - M.Xələfli bildirib.

Belə etiraf verilişin digər qonaqlarında hiddət doğurub və onlar Mirismayıl Xələflini pedofiliyada ittiham ediblər.

M.Xələfli olaya aydınlıq gətirməyə çalışaraq onun səsləndirdiyi fikirlər düzgün anlaşılmayıb:

"Mən həyat yoldaşımla ilk təmasımın, yəni onu gördüyüm ilk yerin məktəb olduğunu demişəm. Bu da mənim müəllim, onun isə şagird olduğu illərə təsadüf edib. Bilirsiniz ki, hər bir faktı sübut edən mötəbər dəlillər olmalıdır. Hesab edirəm ki, rəsmi sənəddən mötəbər mənbə ola bilməz. Təbiidir ki, mən bir günün içində hansısa saxta sənədi düzəldə də bilmərəm. Bu səbəbdən də, məni pedofiliyada və başqa cinayətlərdə ittiham edənlərə cavab kimi ailə qurmağıma dair rəsmi sənədi ilk olaraq sizin sayta təqdim edirəm. "Nigah haqqında şəadətnamə" sənədində mənim və həyat yoldaşımın yaşı və bizim ailə qurduğumuz il göstərilir. Mənim doğum tarixim 1984, həyat yoldaşımınkı isə 1990-cı ildi. Bizim nikahımız rəsmən 2008-ci ildə qeydə alınıb. Elə toyumuz da həmin il olub. Yəni biz ailə quranda mənim 24, yoldaşımın isə 18 yaşı olub. Bu da qanunvericiliyin tələblərinə  tam uyğundur. Fikirlərimin daha bir təsdiqini böyük övladım olan - Zəhraxanımın "Doğum haqqında şəadətnaməsi"ndə görə  bilərsiniz. Böyük qızım bizim nikahımızdan bir il sonra - 2009-cu ildə dünyaya gəlib. Bu baxımdan da, KİV-lərdən xahiş edirəm ki, mənim fikirlərimə şərh verərkən bu sənədləri də diqqətlə nəzərdən keçirsinlər".

M.Xələflinin bəraət cəhdi də birmənalı deyil. Belə ki, orta məktəbdə dərs deyən pedaqoqun 7-ci sinifdə oxuyan şagirdinə aşiq olması, ona "hissləri"ndən bəhs etməsi nə qədər doğrudur?! Ümumiyyətlə, M.Xələflinin fikrincə, müəllimin dərs dediyi şagirdlə belə münasibəti normal sayıla bilərmi?!