"Əsl demokratik prinsiplərə söykənən vicdan azadlığı və müqəddəs İslami dəyərlərin təşəkkülü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır"


Digərləri 11 Dek 2018 10:51:04 624 0

"Əsl demokratik prinsiplərə söykənən vicdan azadlığı və müqəddəs İslami dəyərlərin təşəkkülü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır"

Müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, xilaskarı olan ulu öndər Heydər Əliyevin həyatı boyu Azərbaycan naminə xidmətləri misilsizdir.

Son.az xəbər verir ki, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, Heydər Əliyev ümummilli lider missiyasını həyata keçirərək, ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi.

Şeyxülislam əlavə edib ki, ulu öndər milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı:

"Dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev həzrətləri illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında həmvətənləri ilə birgə olur, onları təbrik edirdi. Əlbəttə, dinimizin dirçəldilməsi, dini dəyərlərə qayıdış sahəsində baş verən dəyişikliklər müstəqilliyimizin uğurları ilə əlaqədardır. Lakin bu da şəksizdir ki, əsl demokratik prinsiplərə söykənən vicdan azadlığı və müqəddəs İslami dəyərlərin təşəkkülü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, müstəqillik qazandıqdan sonra Azərbaycanda İslama heç də birmənalı münasibət bəslənmirdi. Məhz Heydər Əliyevin prezidentliyi dövründə İslam xalqımızın həyatında layiqli yerini tutdu, onun inkişafı üçün bütün imkanlar və münbit şərait yaradıldı. Heydər Əliyev yüksək mədəniyyət və mənəviyyata malik insan kimi dinin yüksək ideallarını hər zaman dəyərləndirmək iqtidarına malik dahi idi".