"Paşinyan oyunu" hüquqa və demokratiyaya uyğunlaşdırılmalı idi


Siyasət 11 Dek 2018 10:42:00 542 0

"Paşinyan oyunu" hüquqa və demokratiyaya uyğunlaşdırılmalı idi

"Bu kütləvi siyasi şounu seçki adlandırmaq ağıla və məntiqə ziddir".

Ermənistan sözünün yanında hüquq və demokratiya anlayışlarının işlədilməsi hüququn və demokratiyanın təhqir edilməsi deməkdir.

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Ermənistanda dekabrın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrini şərh edərkən bildirib.

Ermənisayağı "demokratiya" - Çanaq kimin başında çatlayacaq? Millət vəkilinin fikrincə, Ermənistanda dekabr ayının 9-da sərgilənən kütləvi siyasi şounu seçki adlandırmaq ağıla və məntiqə ziddir: "Bunun birinci səbəbi odur ki, bu ölkədə cəmisi 2 milyona yaxın insan yaşadığı halda seçkini keçirən rəsmi qurum - Mərkəzi Seçki Komissiyası 2 milyon 5 yüz mindən çox seçici müəyyənləşdirir və saxta seçici siyahısı tərtib edir. Təkcə bu fakt işğalçı ölkədə keçirilən seçkilərin saxta olduğunu söyləməyə kifayət edir. Belə vəziyyətdə, ümumiyyətlə, olmayan, yaxud, sadəcə, seçici siyahısında adı olan seçicinin hansısa fəallığından, yaxud qeyri-fəallığından danışmaq da ciddi olmaz. Ona görə də bu absurd tamaşa heç bir ciddi qiymətləndirmə meyarlarına uyğun gəlmir. Sadəcə, 2018-ci ilin aprel ayından bəri Ermənistanda tamaşaya qoyulan siyasi komediyanı bir şəkildə başa çatdıraraq "küçə demokratiyası"nın liderinin hakimiyyətinə legitimlik donu geyindirmək lazım idi ki, bunu da etdilər. Baş tutan, əslində, budur. Çünki ziddiyyətli siyasi qütblərin az qala birgə layihəsi kimi qiymətləndirilə biləcək "Paşinyan oyunu", nəhayət, fərqli siyasi maraqların müvazinətini təmin etməli və hüquqa və demokratiyaya uyğunlaşdırılmalı idi.

Həqiqət isə bundan ibarətdir ki, Ermənistan sözünün yanında hüquq və demokratiya kəlmələrinin işlənməsi hüququn və demokratiyanın təhqir edilməsi deməkdir. Bir hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya hadisəsi ola bilməz. Ancaq ermənilər hazırda bunu etməyə çalışırlar. İstər dini liderin, istərsə də seperatçı rejimin və hazırkı prezidentin tələm-tələsik Paşinyanı təbrik etmələri də bununla bağlıdır".

“İnqilabların təcrübəsi Paşinyanın devriləcəyini göstərir” Tanınmış analitik H.Babaoğlu hesab edir ki, Ermənistanda oynanan oyunu demokratiya kimi təqdim etməklə ümumxalq konsolidasiyasının olduğunu və ermənilərin demokratik cəmiyyət qura bildiklərini sübut etməyə çalışırlar: "Görünən odur ki, bəzi beynəlxalq və insan hüquqları təşkilatları da bunu belə qələmə verməyə hazırlaşırlar. Ancaq baş verən seçki saxtakarlığı o qədər böyük miqyasda və o qədər təkzibedilməz ölçüdədir ki, bunu ört-basdır etmək mümkün deyil. Heç bir halda olkə əhalisinin cəmisi 30 faizə qədərinin iradəsi həmin ölkədə sabitliyin təminatçısı ola bilməz.

Ona görə də Ermənistan cəmiyyəti olduqca ciddi sosial partlayış ərəfəsindədir. Bunu şərtləndirən ikinci amil isə ötən aylar ərzində iqtisadi blokda heç bir islahatın aparılmaması, ölkənin aclıq vəziyyətində olmasıdır. İslahatlar isə ona görə aparılmır ki, bunu etmək mümkün deyil, çünki onları təmin edəcək iqtisadi resurslar, sadəcə, bu ölkədə yoxdur. Belə olan halda 10 dekabr hadisəsindən sonra Ermənistanda yeni eranın başladığını iddia edənlər yalnız siyasi xəyalpərəstlər ola bilər".

Paşinyan qohumlarını parlamentə gətirir Onun qənaətincə, Ermənistanda yeni era o vaxt mümkün ola bilər ki, bu ölkə işğalçılıq siyasətinə son qoysun, Azərbaycan torpaqlarından rədd olub getsin, Azərbaycanın mərhəmətinə sığınsın: "Əks təqdirdə heç bir güc göydən zənbillə bu ölkəyə iqtisadiyyat gətirə bilməyəcək. Çünki iqtisadiyyat real resurslara və kommunikasiyaya əsaslanaraq qurulur. Bu resursların və kommunikasiyaların açarı isə Azərbaycanın əlindədir. Ona görə də Paşinyan hər nə qədər öz legitimliyini qəbul etdirməyə çalışsa da, bu baş turmayacaq, çox keçmədən əhali yenidən iqtsadi tələblərlə meydanlara çıxacaq. Ona görə də yaxşı olar ki, yeni seçilən komanda öz xalqının və qonşu xalqların ümumi mənafeyinə uyğun olan addımlar atmaq barədə düşünsün. Yoxsa Azərbaycanın da səbri sonsuz deyil və şərtlər uyğun olan kimi yeni həmlələrlə torpaqlarını azad etmək istiqamətində ciddi addımlar atacaq".

Analitik: "Ermənistanda insanlar seçkiyə şübhə ilə yanaşdıqları üçün səsverməyə getməyiblər" Xatırladaq ki, dekabrın 9-da Ermənistanda keçirilmiş parlament seçkilərinin ümumi ilkin nəticələrinə görə, Nikol Paşinyan və onu dəstəkləyənlər qələbə qazanıblar. Belə ki, Paşinyanın lideri olduğu "Mənim addımım" bloku 70,43 (884 min 456 nəfər), oliqarx Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası 8,27 (103 min 824 nəfər), Edmon Marukyanın rəhbərlik etdiyi "İşıqlı Ermənistan" isə 6,37 (80 min 24 nəfər) faiz səs toplayaraq parlamentdə təmsil olunmaq hüququ əldə ediblər. Qeyd edək ki, həm "Çiçəklənən Ermənistan", həm də "İşıqlı Ermənistan" Paşinyanın küçə inqilabına dəstək verən qüvvələr olublar. Bu isə dolayısı ilə Nikol Paşinyanın yenidən Baş nazir seçilməsi və ölkədə qanunverici və icraedici hakimiyyəti ələ keçirməsi deməkdir.

Digər siyasi partiyalar və bloklar isə müvafiq olaraq 5 və 7 faizlik baryeri keçə bilmədiyinə görə, parlamentdən kənarda qalıblar. Sabiq dövlət başçısı Serj Sarqsyanın rəhbərlik etdiyi Respublika Partiyası, yəni dolayısı ilə "Qarabağ klanı" 4,7 (59 min 59 nəfər) faiz, erməni millətçiliyinin siması hesab edilən "Daşnaksutyun" isə cəmi 3,89 (48 min 811 nəfər) faiz səs qazanıb. Əlavə edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyanın sözlərinə görə, seçkilərdə səsvermə hüququ olan əhalinin cəmi 48,63 faizi iştirak edib. Yəni bu, Ermənistan tarixində indiyə qədər ən az sayda seçicinin iştirak etdiyi seçkidir.

İlkin İzzət Son.az