Snapdragon 855in bütün texniki göstəriciləri təqdim edildi


Digərləri 11 Dek 2018 08:41:00 724 0

Snapdragon 855in bütün texniki göstəriciləri təqdim edildi

Qualcomm şirkəti Snapdragon Tech Summit tədbirinin dünənki birinci günü çərçivəsində Snapdragon 855 flaqman prosessorunu təqdim etmişdi. Bugün isə şirkət sözügedən prosessor barədə bütün məlumatı verdi. Beləliklə Snapdragon 855 prosessoru təkmilləşdirilmiş süni zəka funksiyalarına, yenilənmiş multimedia imkanlarına və məlumatların yüksək sürətlə ötürülməsinə sahib ilk mobil 5G platforma oldu. 7 nanometrlik texnoloji proses əsasında hazırlanmış Snapdragon 855-in texniki göstəriciləri barəsində məlumatlar əvvəlki sızıntılardan məlum idi.

Son.az technote.az-a istinadən bildirir ki, prosessorda olan Kyro 485 adlı 8 nüvə 3 klasterə bölünüb: 2.84 GHz tezlikdə çalışan bir ədəd böyük nüvə, 2.24 GHz tezlikdə çalışan yüksək performanslı 3 nüvə və 1.8 GHz tezlikdə çalışan enerji sərfiyyatı baxımdan effektiv olan 4 nüvə. Snapdragon 845-dən fərqli olaraq Snapdragon 855-in CPU performansı 45% yüksəlib. Yeni prosessorda olan GPU Adreno 640-ın performansı isə əvvəlki modeldən 20% yüksəkdir. Platformanın süni zəka imkanları ciddi dəyişikliklərə məruz qalıb. Dördüncü nəsil AI Engine mühərriki GPU-nun aparat gücünü və Hexagon 690 adlı köməkçi prosessorunu işə salacaq. Yeni süni zəka mühərrikinin performans gücü isə saniyədə 7 trilyon əməliyyatın yerinə yetirilməsidir. Bu isə əvvəlki versiyadan 3 dəfə çoxdur.

Təsvirin emalı üçün nəzərdə tutulmuş yeni Qualcomm Spectra 380 prosessoru süni zəka alqoritmləri vasitəsilə kadrdakı adi və hərəkətdə olan obyektləri izləyə və təyin edə bilir. O bunu hətta artırılmış reallıq tətbiqlərinin istifadəsi zamanı da edə bilir. Yeni prosessor 48 MP-lik bir ədəd kameranı və ya biri 22 MP olmaqla ikili kameranı dəstəkləyir. Süni zəka texnologiyası təsvirləri filtrlər vasitəsilə yaxşılaşdıra, avtofokus özəlliklərini korrektləşdirə və əldə olunmuş kadrların sürətli emalını reallaşdıra bilir. Təkmilləşdirilmiş səsli köməkçi smartfon istifadəçisinin küçədə və ya stadionda olduğu zaman ətrafdakı səs-küyü və exoları ayıraraq istifadəçinin səsini dəqiq şəkildə təyin edə bilir. İstifadəçi həmçinin video çəkən zaman elə çəkiliş anında videonu redaktə edə biləcək. Məsələn gələcək videonun hansısa kadrına arxa fonun bulanıq effektini vermək və ya fonu ümumiyyətlə dəyişmək mümkün olacaq.Yeni prosessor ilə mobil cihazlara ilk dəfə olaraq HDR10+ standartının dəstəklənməsi gələcək. Bu standart həm video izləmə zamanı həmdə video çəkimlər zamanı dəstəklənəcək. Yüksək keyfiyyətli kontentlərin saxlanması üçün yeni mobil platformada HEIF fayllarının formatlarının dəstəklənməsi reallaşdırılıb. Bunun sayəsində smartfonun yaddaş həcminə kontentlərin yüksək effektli sıxışdırılması sayəsində 50% qənaət etmək olacaq. Bununla yanaşı bu proses zamanı kontentlər öz keyfiyyətlərini olduqları kimi saxlayacaqlar. JPEG-dən fərqli olaraq HEIF təkcə ayrı-ayrı fotolarla deyil, həmdə fotolardan ibarət bir neçə qrup və animasiyalı fotolarla da çalışa bilir.

Yeni mobil platformanın şəbəkə imkanları qismində 6 GHz tezlikdə çalışan Snapdragon X50 5G modemi, mmWave və Snapdragon X24 4G modulu çıxış edirlər. Yeni nəsil modemin gücü 8K keyfiyyətində artırılmış və virtual reallıqlarla işləmək və real zaman ərzində videoların emal olunması imkanını verir. 5G şəbəkəsinin yayıldığı zonada maksimal yükləmə sürəti saniyədə 5 Gbit, LTE şəbəkələrdə isə saniyədə 2 Gbit təşkil edə bilir.