İldırımdan necə qorunmalı?


Digərləri 11 Dek 2018 08:23:00 446 0

İldırımdan necə qorunmalı?

Hər il dünyada üç minə yaxın insan ildırımvurma nəticəsində dünyasını dəyişir. Hər saniyədə dünyanın müxtəlif nöqtələrində təxminən 100 ildırım qeydə alınır.

Son.az oxu.az-a istinadən bildirir ki, fırtına, qasırğa, tufan kimi təbiət hadisələri ilə müqayisədə, ildırımvurmadan ölən insanların sayı daha çoxdur.

Əksər hallarda ildırım uca ağaclara, dəmir yollarında olan transformator qurğularına, müxtəlif çoxmərtəbəli bina və obyektlərə düşərək yanğınlara səbəb olur. İldırım meşələrdə ağacsız yerlər, yəni talalar istisna olmaqla, heç vaxt torpağı vurmur, çünki ağaclar təbii ildırım ötürücü rolunu oynayır.

İldırım çaxırsa, mənzilin pəncərələrini bağlayın, elektrik avadanlıqlarını cərəyan mənbəyindən ayırın, təhlükə vaxtı onlara toxunmayın, telefonla danışmayın. Radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmayın.

Bu müddət ərzində duş qəbul etməyin, qab-qacaq və paltar yumayın, çünki su yaxşı elektrik keçiricisidir. Təhlükə vaxtı mənzilləri tərk etmək lazım deyil. Çünki belə hallarda ən təhlükəsiz yer qapalı yerlərdir.

Şimşək çaxması zamanı avtomobil və qatarda olmaq təhlükəsizdir. İldırım çaxdığı zaman avtomobildən çıxmaq olmaz, çünki avtomobilin təkərləri cərəyanı torpağa ötürür. Qatarda da təhlükə yoxdur.

Açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə, bu ildırım düşmə riskinin olması (ildırımın baş verəcəyindən xəbər verir) deməkdir. Belə hallarda ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çökmək, əlləri dizlərin üstünə qoymaq və önə doğru əyilmək tövsiyə olunur. Bu "embrion vəziyyəti" adlanır.

Su yaxşı elektrik ötürücüdür. Buna görə də ildırım çaxanda suda çimmək və ya qayıqla üzmək olmaz. Sürətlə hərəkət etdikdə ildırım kürəsi üçün əlverişli hava kanalı əmələ gəlir. İldırım çaxanda qaçmaq və ya velosiped sürmək məsləhət görülmür.