Göylər eşqim qədər mənə əzizdir...


Kriminal 10 Dek 2018 21:42:00 321 0

Göylər eşqim qədər mənə əzizdir...

Bu gün Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 94-cü ildönümü tamam olur

Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri 1924-cü il dekabrın 10-da soyuq bir qış günündə Bakıya yaxın kəndlərdən birində Xırdalanda dünyaya göz açmışdı. 2007-ci ilin yanvarın 15-də yenə soyuq bir qış günündə Bakıda vəfat etdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün şair, nasir, dramaturq, publisist, tərcüməçi, Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 94-cü ildönümü tamam olur.

Nəbi Xəzrinin yaradıcılığı müasir poeziyanın parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən çox Azərbaycan ədəbiyyatına xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Nəbi Babayev Xəzər dənizini hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdü.

Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. N.Xəzri XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir. Onun imzası hələ gənc yaşlarından diqqəti cəlb etməyə başlayıb. Şair nədən yazırsa-yazsın, onun şeirinin ruhu, canı, mayası Azərbaycan olub. Hətta uzaq mətləblərə toxunanda, başqa məmləkətləri təsvir edəndə belə misraların arxasında ana yurdun gözəlliyi dayanıb.

Xalq şairi Səməd Vurğunun xeyr-duası ilə ədəbiyyata gələn Nəbi Xəzrinin Azərbaycan poeziyasına dəyərli töhfələri aktuallığı ilə diqqəti cəlb edir. Onun yaradıcılığı, poetik axtarışları Azərbaycanın ən tanınmış qələm adamları, ədibləri, ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilib.

İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb.


Xəbərə aid fotolar