Yeni qərar verildi: Artıq marketlərə zənbillə gedəcəksiniz


Digərləri 10 Dek 2018 20:04:00 284 0

Yeni qərar verildi: Artıq marketlərə zənbillə gedəcəksiniz

"Belə olan halda, plastik paketlərin tullantıları azalır və ekologiyaya da xeyirli olur"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) xəbərdarlıq edib ki, yaxın zamanlarda supermarketlərdə və digər alqı-satqı gerçəkləşən məkanlarda plastik torbalar pullu olacaq. Nazirlikdən bu qərarın ekologiyanı qorumaq məqsədi ilə tətbiq ediləcəyi bildirilib.

Maraqlıdır, əgər sellofan torbalar pullu olacaqsa, onlar nə ilə əvəzlənəcək? Sellofanların pullu olmasının vətəndaşlara nə kimi müsbət və mənfi təsiri olacaq? 

Son.az bildirir ki, Sputnik Azərbaycan sözügedən prosesə başlandıqdan sonra yaranacaq bu kimi sualların cavablarını ekspertlərdən soruşub.

İqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, Azərbaycanda bütün topdan və pərakəndə satış məntəqələrində, ticarət obyektlərində alış-veriş zamanı plastik torbalardan istifadə olunur: "Vətəndaş aldığı məhsulları istədiyi qədər sellofan paketə doldurub gedir. Ukrayna və Rusiyada sellofan paketlər pulla alıcıya təklif edilir. Vətəndaş də ancaq lazım olan qədər sellofan alır".

Mütəxəssisin sözlərinə görə, plastik torbalar pullu olanda vətəndaş paketi tullamır və dəfələrlə ondan istifadə edir: "Belə olan halda plastik paketlərin tullantıları azalır və ekologiyaya da xeyirli olur".

"Bu qərar qüvvəyə minəndə artıq yanaşma dəyişəcək. Avropa ölkələrində sağlamlığı nəzərə alaraq kağız paketlərdən istifadə edirlər. Bu, qidanın saxlanması üçün daha məqsədəuyğundur. Kağız paketlər də pullu olmalıdır. Əks halda alıcılar kağız paketlərə də qənaət etməyəcəklər. Kağız tullantı eroziyaya tez uğrayır və tez məhv olur. Amma sellofanların məhv olması üçün yüz illər lazımdır" - deyə ekspert əlavə edib.