“Maşın Şou” yaxınlaşır Murad Dadaşovla müsahibə ­


Şou-biznes 10 Dek 2018 19:24:00 387 0

“Maşın Şou” yaxınlaşır  Murad Dadaşovla müsahibə ­

Artıq dekabrın 13-də ATV telekanalında Azərbaycanın ən yüksək reytinqli şousunun yayımı başlayacaq. Ekranda gedən müzakirələr təkcə televizor arxasında davam etmir, eyni zamanda, sosial şəbəkələrə və kütləvi informasiya vasitələrinə sirayət edir.

İntriqalar, göz yaşları, gülüş, hiyləgərlik və daha nələr... bütün bunlar şounun əsas mükafatı - avtomobil üçündür.

Son.az bildirir ki, şounun başlaması ərəfəsində oxu.az "Maşın Şou"nun prodüseri və aparıcısı Murad Dadaşovla söhbət edib.

- Biz hər zaman hansısa yenilik gətirməyə çalışırıq. İndiki şou bu baxımdan istisna olmayacaq. Doğrudur, əsas mükafat dəyişilməz olaraq qalır, əvvəlki verilişlərdəki markadan olan avtomobildir. Fikrimcə, şounun qaydaları təkmilləşdirilərək, mükəmməl vəziyyətə çatdırılıb. Halbuki şounun 13 illik tarixi ərzində heç vaxt qaydaları dəyişməmişdik. Bu birinci məqamdır. İkincisi, biz olduqca maraqlı iştirakçıları bir araya gətirmişik. Və ən əsası, bizim şouda birinci yox, sonuncu qalib gəlir.

- Şayiələr gəzir ki, bu şou əvvəlkilərlə müqayisədə daha tez qurtaracaq. Bu, nə dərəcədə doğru məlumatdır?

- Xeyr, bu, belə deyil. Davamiyyət məsələsinə gəlincə, əvvəlki şoulardan heç bir fərqi olmayacaq. Şou 18 gün davam edəcək. Hər gün bir iştirakçının şounu tərk edəcəyini nəzərə alsaq. Əlbəttə ki, bir günə iki iştirakçı şoudan ayrılanda  -  özünüzdə bilirsiniz ki, belə hallar da baş verir - təşkilati baxımdan bir sıra məsələlər ortaya çıxır. Ancaq bu həllini tapan məsələlərdir. Sizi əmin edirəm ki, istənilən halda, tamaşaçılar bu şoudan zövq alacaq.

- İştirakçıların kimliyi ilə bağlı sirri açmaq olmaz, bunu bilirik. Ancaq hər halda, bizə deyin, əvvəlki şouda iştirak etmiş şəxslərdən kimlərsə yeni buraxılışda çıxış edəcək, yoxsa tam başqa şəxslər olacaq?

- Biz əvvəlki şoularda öz çıxışı ilə seçilmiş şəxsləri dəvət etmişik. Bununla belə, yeni simaları da görə biləcəksiniz. Elə insanlar olacaq ki, beş il əvvəl onları az adam tanıyıb, amma indi kifayət qədər tanınıblar. Bizim şounun ulduzlarıdır. Bəlkə də, şoumuzda son sözü məhz onlar deyəcək.

Mənə inanın ki, hər biri kifayət qədər maraqlı iştirakçıdır və tamaşaçılar üçün darıxdırıcı olmayacaq. Sizə eksklüziv olaraq deyirəm və bu xəbəri yaymağınızı istəyirəm. İştirakçıların sayı 18-dir, doqquzu kişi, doqquzu qadındır. 

Biz demirik ki, bu kişi-qadın mübarizəsidir. Əvvəlki buraxılışların təcrübəsi göstərir ki, oyunda qruplaşmalar  qarışıq cinslərdən də ola bilər. Ən əsası odur ki, sonda yalnız bir nəfər qalib gəlir. Necə deyərlər, hədəf birdir, o hədəfə nail olmaq metodları müxtəlifdir.