Daha 110 dövlət əmlakı özəlləşdirilir


Digərləri 10 Dek 2018 18:36:00 301 0

Daha 110 dövlət əmlakı özəlləşdirilir

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 15 yanvar tarixində reallaşacaq.

Son.az bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 110 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 18-i qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətidir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Yenidən qurulması daha çox gəlir qazandıra biləcək bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır. Əlverişli biznes imkanlarına malik dövlət obyektlərinə Qaxdakı Əmlak kompleksini, paytaxtın Mərdəkan qəsəbəsindəki restoranları, Şəki rayonundakı istirahət zonasını misal göstərə bilərik. İnvestor üçün maraqlı ola biləcək 14 saylı yeməkxana isə Yevlax şəhərində yerləşir. Adıçəkilən bu dövlət əmlakının ümumi faydalı sahəsi 95,2 kv.m-dir.

Xidmət fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün Bakı şəhəri, Zirə qəsəbəsi, N.Hüseynov küçəsindəki 91 saylı mağaza uyğun seçim ola bilər. Qeyd edək ki, bu dövlət obyektinin ümumi faydalı sahəsi 190,5 kv.m-dir.