Şahin Mustafayev: İnnovativ yeniliklərin yayılması, onların istehsal sahəsində tətbiqi ölkələr üçün yeni çağırışlar yaradır


Digərləri 10 Dek 2018 18:09:43 290 0

Şahin Mustafayev: İnnovativ yeniliklərin yayılması, onların istehsal sahəsində tətbiqi ölkələr üçün yeni çağırışlar yaradır

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı. İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə keçirilən İkinci Respublika İnnovasiya Müsabiqəsinə yekun vurulub. Nazirlikdən Trend-ə verilən məlumata görə, dekabrın 10-da Bakı Biznes Mərkəzində müsabiqə qaliblərinə mükafatlar təqdim edilib. Bununla əlaqədar təşkil olunmuş tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, son illər Azərbaycanın innovasiya proseslərinə inteqrasiyası, innovasiya iqtisadiyyatına keçidi təmin edən tədbirlərin təşviqi və reallaşdırılması strateji proqram və sənədlərdə, o cümlədən "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və müxtəlif sektorları əhatə edən Strateji Yol Xəritələrində öz əksini tapıb. Bu sənədlərin bir sıra hədəf və istiqamətləri BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi” ilə eynilik təşkil edir. Diqqətə çatdırılıb ki, qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişlənməsi, innovativ yeniliklərin yayılması, habelə onların istehsal sahəsində tətbiqi ölkələr üçün yeni çağırışlar yaradır. Bu çağırışlara uyğun olaraq, ikinci ildir ki, keçirilən Respublika İnnovasiya Müsabiqəsinin innovasiyalara marağı daha da artırmaq məqsədilə təşkil edildiyini diqqətə çatdıran Ş.Mustafayev bu cür tədbirlərin innovasiya fəaliyyətinin stimullaşdırılması və səmərəliliyin artırılması, innovasiya infrastrukturu çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri şəraitin yaradılması, elmi-tədqiqat bazasının təkmilləşdirilməsi və innovasiya fəaliyyətinin kadr potensialının inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, müsabiqənin təşkili məqsədilə dövlət qurumları və BMT-nin nümayəndələrindən ibarət komissiya yaradılıb, ötən müddət ərzində müsabiqənin təşviqi və ictimaiyyətin maarifləndirilməsi istiqamətində bir sıra görüşlər keçirilib. İkinci Respublika İnnovasiya Müsabiqəsinə marağın böyük olduğunu qeyd edən nazir Ş.Mustafayev müsabiqə çərçivəsində iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-dən çox layihə təqdim olunduğunu, belə tədbirlərin növbəti illərdə də keçiriləcəyini diqqətə çatdırıb. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai innovasiyaların əhəmiyyəti barədə danışıb, belə müsabiqələrin gələcəkdə innovativ sahələrə investisiya qoyuluşlarının təşviq edilməsinə, elmi nailiyyətlərin və innovasiyaların müxtəlif sahələrdə tətbiqinə, habelə milli innovasiya sisteminin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayıb.