"Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi" mövzusunda tədbir keçirilib


Digərləri 10 Dek 2018 12:15:00 418 0

"Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi" mövzusunda tədbir keçirilib

Dekabrın 7-də İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə "Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi" mövzusunda tədbir keçirilib.

Ölkədə mövcud olan sənaye əhəmiyyətli qeyri-filiz xammal ehtiyatlarından səmərəli istifadə və onların tətbiqi sahələri barədə sahibkarları məlumatlandırmaq məqsədilə keçirilən tədbirdə müvafiq dövlət qurumlarının, şirkətlərin nümayəndələri və sahibkarlar iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxışında bildrib ki, Azərbaycan Respublikası Prezidentinin inkişaf strategiyasının əsas istiqamətləri sırasında ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun diversifikasiyası ilə yanaşı, genişmiqyaslı sənayeləşmənin həyata keçirilməsi, təbii resurslardan səmərəli istifadə olunması, dəyər zənciri ölkə ərazisində qurulmaqla yüksək əlavə dəyərin yaradılması vacibdir. Bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatlar aparılıb və təşviq mexanizmlərinin tətbiqinə başlanılıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə olunması və digər istiqamətlərdə nazirlik tərəfindən müvafiq işlərin görüldüyü barədə məlumat verib. Qeyd edilib ki, indiyədək aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində ölkənin bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilib və onlardan səmərəli şəkildə istifadə olunması iqtisadiyyatın, o cümlədən sənayenin inkişafında mühüm rol oynayacaq.

Bununla yanaşı, dövlət balansında qeydiyyata alınmış, lakin istismara cəlb edilməyən qeyri-filiz faydalı qazıntı ehtiyatları olan seolit, kükürd, barit, gips, gəc, keramika xammalı, dolomit, bentonit gilləri, kvarsit, yanar şistlər, mineral boyalar, flyus və soda üçün əhəngdaşı xammalı, şüşə xammalı, kaolin gilləri, selitra, karbonat xammalı, əlvan daşların sənayenin müxtəlif sahələrində istifadəsinə geniş imkanın olduğu vurğulanıb.

Tədbirdə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, "Mətanət A" şirkətinin rəhbəri Elxan Bəşirov da çıxış edərək bildirib ki, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası tərəfindən tikinti materialları istehsalçıları arasında təbii sərvətlərin səmərəli istifadəsi ilə bağlı monitorinq aparılmış və bir sıra problemlər aşkar edilmişdir.

Bəşirov çıxışında hal-hazırda həll olunmamış prioritet məsələləri gündəmə gətirərək bildirib ki:

Azərbaycan Respublikası çox əlverişli təbii şəraitə və zəngin təbii ehtiyatlara malik ölkədir. Təbii resurslar cəmiyyətin maddi tələbatının ödənilməsində və məhsuldar qüvvələrin inkişafında mühüm rol oynayan amillərdəndir. Təbii resurs potensialından səmərəli istifadə etməklə əhalinin tələbatına uyğun istehsal sahələrinin yaradılması həm sənaye sahələrinin inkişaf etdirilməsinə, həm də işsizliyin aradan qaldırılmasına yardımçı olacaqdır.

Avropa ölkələrində, o cümlədən Ukrayna, həmçinin İran, Rusiya və Türkiyə kimi qonşu ölkələrdə yerin təkindən çıxarılan faydalı qazıntılardan istifadə üçün Yerli İcra hakimiyyətlərindən və Bələdiyyələrdən heç bir torpaq istifadəsi üçün icazələr alınmır, ancaq Təbii Sərvətlər Nazirliyindən alınan lisenziya (Rusiyada) və arama ruhsatı (Türkiyə, İranda) adlanan sənədlərlə həyata keçirilir.  Ölkəmizdə isə mədən vergisi və yerin təkindən  çıxarılan faydalı qazıntıların faktiki dəyərinə görə "Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu"na edilən ödəmələrdən əlavə yerli İcra hakimiyyəti və bələdiyyələrə yüksək miqdarda torpaq icarə haqqı və torpaq vergisi ödənildiyindən müvafiq fəaliyyətin iqtisadi səmərəliliyi aşağı düşür və nəticədə istehsal olunan məhsulun maya dəyəri çox yüksək olur. Faktiki torpaqdan yox, yerin təkinin faydalı qazıntısından istifadə edirsən. Bunun qarşılığında xarici ölkələrin qabaqcıl təcrübəsi kimi ancaq mədən vergisi ödənilməlidir.

Vergi qanunvericiliyinə müvafiq dəyişiklik etməklə yerin təkindən istifadə edənlərə yalnız mədən vergisinin ödənilməsi tətbiq edilərsə, bu yerli sənayenin inkişafına həddən artıq müsbət təsir etməklə yanaşı, istehsal olunan məhsulların da maya dəyərinin aşağı düşməsinə şərait yarada bilər.

Bundan əlavə, təklif edirik ki, faydalı qazıntılarından səmərəli istifadə olunaraq onların istehsala cəlb olunması məqsədilə Dövlət Komissiyası yaradılsın və Komissiya tərəfindən ölkə ərazisindəki bütün mövcud resurslar qeydə alınsın. Həmin resursların yerləşdiyi torpaq sahələrin müvafiq müəssisələrə verilməsi, eləcə də onlardan səmərəli istifadə edilməsinə qərar vermək səlahiyyətləri Təbii Sərvətlər Nazirliyinə verilməlidir. Bu sahədə inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinin   Azərbaycanda da tətbiq edilməsinə ehtiyac duyulur.

Cənab Prezident İlham Əliyevin öz çıxışlarında bizə verdiyi töfsiyələrdən biridə xarici ölkələrin qabaqcıl təcrübələrinin ölkəmizə gətirməyindən ibarət olmuşdur.

Təbii sərvətlərdən səmərəli istifadə üçün innovasiyaların tətbiqi də çox vacibdir. Sevindirici haldır ki, ölkəmizdə inşaat materialları istehsalçıları arasında innovasiyaları tətbiq etməklə təbii sərvətlərdən səmərəli istifadəyə nail olmuş yerli müəssisələr də mövcuddur. Bu şirkətlərdən biri də "Mətanət A" şirkətidir.

"Mətanət A" şirkəti ağlay daşını əvəz edən "fasadda dekorativ üzlük plitələrinin-ağlay daşının yaradılması üçün quru qarışığı" ixtira etmişdir və bu ixtira dünyanın 150-dən artıq ölkəsində patentləşdirilmişdir. "Fasadda dekorativ üzlük plitələrinin - ağlay daşının yaradılması üçün quru qarışıq" məhsulu FASNATURAL ticarət markası adı altında "Mətanət A" şirkəti tərəfindən istehsal edilir. FASNATURAL təbii ehtiyatlardan səmərəli istifadəni təmin etməklə iqtisadi səmərəliliyi artırır. Belə ki, təbii əhəng daşı olan "ağlay"ın hazırlanması üçün daş karxanalarında 10 kubmetr xammaldan ən çox 4 kubmetr hazır məhsul alınır ki, bu da 6 kubmetr itki deməkdir. FASNATURAL məhsulunun istehsalında həmin 6 kub metr itkiyə gedən xammaldan istifadə edilir və nəticədə təbii sərvətlərdən istifadənin səmərəliliyi artır və ekologiyanın çirklənməsinin qarşısı da alınır.