Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri FOTO


Digərləri 09 Dek 2018 21:46:00 621 0

Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri  FOTO

Qala bir millətin, xalqın mübarizə, qəhrəmanlıq, mərdlik simvoludur. Bir yerdə qala varsa, deməli, oranın xalqı yurdu, vətəni uğrunda canından keçib, döyüşüb, düşmənlə mübarizə aparıb və dogma torpaqları gələcək nəsillərə miras qoya bilib. Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir, çünki ölkəmizin dörd bir tərəfində müxtəlif dövrlərə aid qalalar ucalır.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan ərazisində ən qədim qalalardan biri də Niyalqaladır. Qalanın inşa tarixi erkən orta əsrlərə - VI, digər mənbələrdə VII-VIII əsrlərə, hətta eramızdan əvvələ aid edilir. Qafqaz Albaniyası dövründə tarixi Girdiman vilayətində tikilən Niyalqala İsmayıllı rayonunun Lahıc qəsəbəsindən cənubda, Girdiman çayının sol sahilində, Niyal dağında yerləşir, adını da elə bu dağdan alıb.

Lahıcdan sərt meşə yoxuşu ilə qalxıb bu müdafiə qalasına çatdıqda tikilinin strateji baxımdan əlverişli mövqedə yerləşdiyi məlum olur. Buradan nəinki Lahıc, qədim Girdiman vilayətinin geniş əraziləri, eləcə də bir qədər yüksəkdən cənubda Kür çayınadək, qərbdə Qəbələyədək, şərqdə isə Şamaxıyadək ərazilər aydın görünür. Bu, qalanın mövqeyi baxımından həm də müşahidə məntəqəsi olduğunu deməyə əsas verir. Belə bir mürəkkəb relyef şəraitində çay daşlarından və kirəc məhlulundan istifadə olunmaqla tikilən Niyalqalaya əsas yol Lahıcdan olsa da, Sulut və Fit dağı tərəfdən də sərt dağlıq ərazilərdən keçməklə yetişmək olar.

"Niyal" toponiminə gəlincə, bu söz İran mənşəli olmaqla "doqquz yal, təpə" mənasını verir. Bu onunla izah edilir ki, Niyal dağı doqquz təpədən ibarətdir. Maraqlıdır ki, İran ərazisində də Niyal adlı dağ var. Bununla yanaşı, "Niyal" toponiminin sırf türk mənşəli olduğunu iddia edənlərin qənaətincə, bu söz qədim türk dillərində "yaşıl", "göy", "ot", "bitki" mənalarını bildirən "naal", "nial" sözlərindən əmələ gəlib "yamyaşıl dağ" deməkdir.

X əsr ərəb tarixçisi əl-Məsudi Niyalqalanı ("Qala ən-Niyal") "dünyada misli-bərabəri olmayan qala", "ən yaxşı möhkəmləndirilmiş qala" kimi qiymətləndirirdi. X əsrə aid "Hüdud əl-aləm" coğrafi traktatında da Niyal dağındakı qaladan bəhs olunur və padşaha (Şirvanşah Məhəmməd ibn Yəzid) məxsus xəzinənin Lahıcdan cənubda yerləşən Niyalqalada saxlanıldığı yazılır.

Bəzən Niyalqala Girdiman qalası ilə dəyişik salınır. Orta əsr alban tarixçisi Musa Kalankatlının Girdiman qalasını şəhər-qala (tarixçi Qafar Cəbiyev 2004-cü ildə Ağsu rayonu ərazisində aşkar edilmiş şəhər-qalanın daha çox Girdiman qalasının mənbələrdə göstərilən koordinatlarına uyğun gəldiyini bildirir) kimi təsvir etməsindən, bu qalanın ərazisində Girdiman hökmdarı Cavanşir tərəfindən dəbdəbəli məbədin tikilməsi barədə qeydlərdən aydın olur ki, burada söhbət Niyalqaladan getmir. Çünki Niyalqalanın ərazisi elə də böyük deyil və burada əlavə məbəd tikmək üçün şərait yoxdur.

"Hüdud əl-aləm" əsərində də Niyalqala ilə Girdiman qalasının adının yanaşı çəkilməsi onu göstərir ki, bu tikililəri eyniləşdirmək düzgün deyil. Maraqlıdır ki, bəzən Cavanşir qalasına da səhvən Girdiman qalası deyirlər.