Bel çəkdirməklə hamilə qalmaq olar?


Digərləri 08 Dek 2018 22:15:00 501 0

Bel çəkdirməklə hamilə qalmaq olar?

Hər ailə quran cütlük övlad sahibi olmaq istəyir. Bəzi ailələrdə hamiləlik tez baş tutsa da, bəzilərində müəyyən səbəblərdən ötrü alınmır. Bu zaman isə əksər qadınlar ya həkimə müraciət edir, ya da bəzi ara sözləri dinləyərək tibdənkənar üsullara əl atırlar.

Belə üsullardan biri isə əksər qadınların üz tutduğu bel çəkmədir. Bəzi evliliklərdə hətta qayınanalar gəlinləri bel çəkdirməyə məcbur edirlər. Bu üsulla tez bir zamanda qadının hamilə qalacağı düşünülür.

Bəs bunun elmi əsası varmı?

Mövzu ilə bağlı medicina.az-a açıqlama verən ginekoloq Ləman Əkbərova belə müalicə üsulunun heç bir effektinin olmadığını bildirib: "Çünki belə diaqnoz tibdə yoxdur. Heç bir əsası olmadan durduq yerdə qadının belinin çəkilməyi yanlışdır. Qadın boş yerə vaxtını itirir. Lazımi olan müalicənin vaxtını gecikdirir. Belə ara həkimlərin tibdən, qadın anatomiyası və fiziologiyasından heç bir xəbəri yoxdur".

Mütəxəssis qadınların evliliyinin ilk 1-2 ayında hamilə qalmayan kimi müalicəyə başlamalarını da düzgün hesab etmir.

Bəs qadın nə zaman həkimə müraciət etməlidir?

Ginekoloq sağlamlıqla bağlı hansısa problemi olmayan qadının ilk 1 ili gözləməli olduğunu vurğulayıb: "Uşaqlığında problemi olmayan gənc qadınlar ilk 6 ay və 1 il gözləyə bilərlər. Bədən bu zaman ərzində özünü yeniləyir. Hamilə qalmamaq normal sayıla bilər.

Dəfələrlə cinsi münasibətdə olduğu təqdirdə bir il ərzində heç hamiləlik olmayıbsa, bu zaman sonsuzluğu düşünmək olar.