Azərbaycanda təhsilli evdar qadınların hekayələri:


Digərləri 08 Dek 2018 19:08:00 336 0

Azərbaycanda təhsilli evdar qadınların hekayələri:

"Cehizlik diplom" anlayışına Azərbaycanda bəzən istehza ilə yanaşılır, ancaq ali təhsil alsa da, ömründə bir gün də olsa işləməyən qadınlar az deyil.

BBC News Azərbaycanca aldığı ali məktəb diplomunu da "cehizinin üstünə qoyub" ərə gedən, ömrünü-gününü ailəsinə həsr eləmiş xanımlarla həmsöhbət olub

"Günüm internetlə başlayıb onunla da bitir"

İlk müsahibimizin 42 yaşı var, ali məktəbdə bank işini oxusa da evdarlığı seçib, indi ancaq ailəsinin qayğıları ilə yaşayır:

"Gözlə, uşaq dərsə tələsir, yeməyini verim, yola salım, sonra rahat danışarıq, - Sevil xanım (ad şərtidir) deyir.

Həvəslə oğlundan danışır, deyir, 11-ci sinifdədir, Tibb Universitetinə daxil olmaq istəyir. Özünə gəlincə...

"Heç vaxt ali təhsil almaq istəməmişəm. Məktəbdə də əlaçı deyildim, birtəhər özümü yola verirdim. Ciddi həyat planlarım da yox idi.

Ailəm sadədir: atam mühəndis, anam - tibb işçisi. Məktəbi bitirəndən sonra özəl universitetlərin birində bank işi fakültəsinə daxil oldum, qiyabi bölmədə oxuyurdum. Bitirəndən sonra atam məni banka işə düzəltmək istədi, bir-iki dəfə getdim, amma mühasibatlıq heç beynimə girmirdi.

Az müddətdən sonra ailə qurdum, yoldaşımla da məni tanış etdilər. Evdə xörək bişirməyi öyrənmişdim, məişət məsələləri məni qorxutmurdu.

Yoldaşımla sevməmiş ailə qurmuşam, amma illər ötdükcə bir-birimizə alışdıq, öyrəşdik, münasibətlərimiz çox yaxşıdır. Həyatımdan razıyam. Əslində asan bir iş olsa, səhər tezdən başlamasa, gedib-gələrdim. Amma ehtiyac duymuram. Şükür allaha, yoldaşım bizi təmin edir, deyir: "Bu vaxta kimi işləməmisən, neynirsən indi gedib işləməyi?".

Günüm internetlə başlayır, onunla da bitir. Səhər oyanan kimi mobil telefonumu alıram əlimə, Facebooka, İnstaqrama baxıram. Gün ərzində də ev işlərini bitirəndə arabir internetə girib başımı qatıram".

İnşallah, elə həyatım belə də gedəcək, oğlum da böyüyür, bu gün -sabah ailə quracaq - bu da xeyli vaxt tələb edən məşğuliyyətlərdir", Sevil xanım söhbətimizi yekunlaşdırır.

"İndi bu yaşımda kim mənə iş verər?"

İkinci müsahibimizin 52 yaşı var, ali məktəbi bitiriən kimi "ev xanımı" olub.

Amma Rəhilə xanım bunun səbəbini özündə görür: "Ciddi sovet ailəsində böyümüşəm. Valideynlərim ixtisasca mühəndis idilər, vəzifə tuturdular. Rəfiqələrim sanballı, tərbiyəli ailələrdən olmalı idilər.

Ali məktəbi bitirdim. Yoldaşımla bizi qohumlar tanış eləmişdi. Tanışlıqdan bir müddət sonra sevgisiz-filansız evləndik. Elə çox ünsiyyətimiz də olmadı doğrusu... "Yaxşı qız" heç oğlanla nigahdan öncə görüşərmi? Bizim zamanda təsəvvür belə idi. Tezliklə uşaqlar dünyaya gəldi, ailə yüküm artdı, işləmək barədə heç düşünmürdüm də.

Sonralar həyat yoldaşım xəstələndi, ona baxdım, sonra uşaqlar məktəbə getdi. İllər ötdükcə valideynlərim qocaldı, onlara da baxmalı idim. Yoldaşım sağaldı, uşaqlar böyüdü, valideynlərim rəhmətə getdi... Mən isə qaldım. Həyatım boyu özüm haqqında heç düşünmədim, cavanlıq da keçdi. İndi bu yaşımda kim mənə iş verər?

Bilirsiz, evdarlıq pis deyil, ancaq gərək yanında sevdiyin insan ola. Mən çox qapalı ailədə böyüdüm, sərt qaydalar vardı. Kimisə sevmək... Buna kim icazə verərdi? İki bir-birinə hörmət edən, dünyagörünüşləri, səviyyələri yaxın olan şəxs dövr keçdikcə hətta bir-birini sevməsə də, aralarında mehribanlıq, hörmət yarana bilər.

Amma məndə bu baş vermədi... Uşaqlarım təhsillidir, işləyirlər, xaricdə yaşayırlar. Mən isə demək olar ki, yad bir insanla bir damın altındayam. Özümə hörmətim olsaydı, öz maraqlarımı, məşğuliyyətimi düşünərdim... Cavanlara da daima məsləhət verirəm ki, ayaq üstə bərk dayanın.

Günlərim adi, bir-birindən heç bir fərqi olmadan keçir: ev işləri görürüəm, yemək bişirirəm. Televizorda dünya xəbərlərini izləyirəm, xaricdəki qızımla danışıram. Tibb xəbərlərini oxumağı sevirəm, bir az da əl işləri ilə məşğul oluram".

"Evləndikdən sonra yoldaşım dedi ki, işləməyəcəksən"

Mila Fətəliyeva ilə ticarət mərkəzlərinin birində görüşürük. Gənc görünüşlü qadına 47 yaşı vermək olmaz, amma mühasibimiz ömrünün 50-ci ilinin astanasındadır.

"İxtisasca riyaziyyat müəllimiyəm. Amma bu sahədə özünü doğrulda bilmədim, ona görə ki, ailə qurdum - hər şey bayağıdır", - Mila gülümsəyərək deyir.

"Ailəm natamam olsa da (məni və bacımı anam böyüdüb) ziyalı idi: atam bank işçisi, anam həkim. Məktəbdə əlaçı idim, deyilənləri göydə tuturdum. Həm də idmanla məşğul idim - əvvəl atıcılıq, sonradan qılıncoynatma ilə. Milli rəqsləri də öyrənirdim.Kitab oxumağı da çox sevirdim.