Dilçilik İnstitutunun əməkdaşları plagiatçılıqla bağlı iddialara cavab verdilər


Digərləri 08 Dek 2018 17:44:00 259 0

Dilçilik İnstitutunun əməkdaşları plagiatçılıqla bağlı iddialara cavab verdilər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun "İzahlı dilçilik terminləri lüğəti"nin müəllifləri bu nəşrin plagiat olması barədə səslənən iddialara cavab veriblər. Qeyd edək ki, lüğətin tərtibçiləri professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru, dosent Natəvan Hüseynova, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Abdullayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Svetlana Novruzova, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Həsənli - Qəribovadır.

Son.az Trend-ə istinadən bildirir ki, lüğətin tərtibçiləri bildiriblər ki, dilçiliklə bağlı tədqiqatlarda qeyd edildiyi kimi, terminoloji lüğətlərin sözlüyünün hazırlanmasında iki şərt əsasdır: "Bu şərtlər əvvəllər nəşr edilmiş müvafiq terminoloji lüğətlərin sözlüyünün yenidən tənqidi surətdə nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, orijinal mətnlərin, dərsliklərin, elmin ayrı-ayrı sahələrinə dair yazılmış əsərlərdən lazımi terminlərin seçilib sistemə salınmasıdır. Bu prinsiplərdən istifadə edilərək bir sıra dilçilik terminləri lüğəti nəşr edilib. XX əsrin əvvəllərində SSRİ EA Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutu tərəfindən "Rusca-azərbaycanca dil və qrammatika terminləri lüğəti" (1939-cu ildə D. Quliyev tərəfindən) nəşr edilib. Həmin lüğət orta məktəb proqramını əhatə edir. 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı tərəfindən layihə şəklində çap olunmuş dilçilik terminləri yenidən işlənib və 1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı həmin lüğəti R.Ə.Rüstəmov, M.Ş.Şirəliyev və C.H.Əfəndiyevin redaktorluğu ilə nəşr edib. 1960-cı ildə Azərbaycan Tədris Pedaqoji Nəşriyyatı tərəfindən nəşr edilmiş "Müxtəsər dilçilik lüğəti" də bu sahədə atılmış uğurlu addımlardan hesab oluna bilər. 1969-cu ildə Ə.Fərəcov tərəfindən çap edilmiş dilçilik lüğətində orta və ali məktəblərdə işlənən dilçilik terminləri, onların əsas əlamət və xüsusiyyətləri göstərilməklə 150 termin izah edilir. 1989-cu ildə "İzahlı dilçilik terminləri" sorğu lüğəti çapdan çıxıb (müəlliflər - M.İ.Adilov, Z.N.Verdiyeva, F.M.Ağayeva). İndiyə qədər Azərbaycanda çap olunmuş dilçilik terminləri lüğətlərinin ən mükəmməli olan bu lüğətdə ali və orta məktəb dərsliklərində işlənən sabitləşmiş təxminən 1 600 termin əhatə olunub. Arxaikləşmiş, dublet terminlər lüğətin sonuna əlavə edilib. Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və dilçilik laboratoriyasında hazırlanan "Dilçilik ensiklopediyası"nda hər bir termin rus dilində əlifba sırası ilə düzülüb, onun alman, ingilis, fransız, Azərbaycan dillərində qarşılığı verilib, ingilis dilində sözün tələffüzü ilə yazılı forması arasındakı böyük fərq nəzərə alınaraq terminlərin bu dildə transkripsiyası, sonra isə terminlərin izahı verilib".

Müəlliflər qeyd ediblər ki, dilçiliyin müxtəlif sahələri ilə bağlı aparılan tədqiqatlar yeni izahlı lüğətin tərtibi üçün zəmin hazırlayıb: "Azərbaycan dilinin dilçilik terminologiyasının nizama salınmasına kəskin ehtiyac duyulurdu. Bu nəzərə alınaraq 2014-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin əməkdaşları tərəfindən izahlı lüğətin tərtibinə başlanılıb. Nətıcə olaraq 2018-ci ildə "İzahlı dilçilik terminləri lüğəti" nəşr edilib".

Tərtibçilər həmçinin deyiblər ki, lüğətdə 7 500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilib: "Lüğətin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı verilib. Lüğət tərtib olunan zaman dilçiliklə bağlı tərtib olunmuş bütün lüğətlərdən, fundamental elmi əsərlərdən mənbə kimi istifadə edilib. Mütəxəssislərə məlum olduğu kimi, lüğətçilik dilçiliyin tətbiqi sahəsinə aiddir və lüğətlərin tərtibində əsas məqsəd terminlərin bir mənbədə toplanmasıdır".