Bu il Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsi 33 faiz artıb


Digərləri 08 Dek 2018 16:27:33 254 0

Bu il Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib

Bakı. İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Serbiyada səfərdə olub. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti Taş Maydan Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib. Azərbaycan nümayəndə heyəti həmçinin, yazıçı Milorad Pavicin və 1999-cu ildə Belqradın bombalanması zamanı öldürülən uşaqların xatirəsinə ucaldılmış abidələrini də ziyarət edib. Sonra Serbiya Palatasında Hökumətlərarası Komissiyanın həmsədrlərinin - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin, Serbiyanın Baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyətləri üzvlərinin və Serbiya şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycanda yaradılmış əlverişli biznes və investiya mühiti barədə məlumat verilib, Azərbaycan və Serbiya işgüzar dairələri arasında əlaqələrin inkişafına, biznes sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. Həmin gün Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib. Azərbaycan tərəfindən iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxil idi. Serbiya tərəfi isə iclasda Baş nazirin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, dövlət başçılarının əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ildə Serbiyaya, Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiçin 2018-ci ilin mayında Azərbaycana səfərlərinin ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında möhkəm hüquq-müqavilə bazası mövcuddur. Serbiya ilə ticarət-iqtisadi, investisiyaların təşviqi, vergitutma və s. sahələrdə 30-dan çox sənəd imzalanıb.