Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının


Digərləri 08 Dek 2018 07:22:00 344 0

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının

Dekabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Son.az "Report"a istinadən bildirir ki, yubiley gecəsində dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə teatr sənətinin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə son illər aparılan islahatlardan, eləcə də Gənc Tamaşaçılar Teatrının tarixi keçmişindən, qazandığı uğurlardan söz açıb.

"Teatr sənəti Azərbaycan xalqının tarixində özünəməxsus yer tutur. Azərbaycan xalqı özünü teatrsız təsəvvür edə bilməz. Xalqımızın mədəniyyət tarixində teatrın böyük rolu var. 147-ci mövsümünü yaşayan Azərbaycan teatrı xalqımızın inkişafında əvəzsiz rol oynayıb. Bu il artıq 3-cü teatrın yubileyini qeyd edirik. Bu yubileylər öz-özlüyündə keçirilən yola yenidən nəzərə salmağa və gələcəyə doğru yeni istiqamətlər açmağa imkan verir. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı teatrın simasını tamamilə dəyişib. Ötən 10 il ərzində bu sahədə inqilabi dəyişikliklər baş verib" - deyə nazir diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan teatr sənətinin, teatr xadimlərinin həm maddi, həm də mənəvi cəhətdən dəyərləndirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Belə ki, öz yaradıcılığı ilə fərqlənən sənət ustalarına Azərbaycan Respublikasının fəxri adları, Prezident mükafatları və Prezident təqaüdləri verilir, onların əməyi ölkənin ən yüksək mükafatlarına - orden və medallarına layiq görülür.

Teatrlarımızın beynəlxalq festivallarda iştirakı mədəniyyət siyasətimizin prioritet istiqamətlərindən biri kimi daim dəstəklənir və bu sahəyə xüsusi önəm verilir. Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan artıq ölkəsində keçirilən beynəlxalq tədbirlərdə, festivallarda respublikamızı uğurla təmsil edib.