Leykoz və onun müalicə perspektivləri


Digərləri 07 Dek 2018 23:48:00 371 0

Leykoz və onun müalicə perspektivləri

Keçən əsrin ən qorxulu problemlərindən biri olan leykoz qanyaradıcı sistemin bədxassəli xəstəliyidir. Onkoloji proses, ilk növbədə sümük iliyində normal qanyaranmanı pozur və sonradan bütün orqanizmə yayılaraq digər orqan və sistemlərin fəaliyyətini dayandırır. Xəstəliyə vaxtında diaqnoz qoyulmadıqda və ya müalicə tədbirləri gecikəndə ölümlə nəticələnir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a müsahibəsində B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Tranfuziologiya İnstitutunun uşaq şöbəsinin rəhbəri, tibb elmləri doktoru Mireldar Babayev deyib: "Yaş, irq və cinsindən asılı olmayaraq hər kəs onkogenli doğulur və şiş hüceyrəsi yaradan geni bütün ömrü boyu daşıyır. Normal halda həmin genin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi orqanizm tərəfindən idarə olunur, yəni orqanizm müxtəlif təsir mexanizmlərindən istifadə edərək həmin genin aktivləşməsinin qarşısını alır. Ancaq bir çox amillərin təsiri altında gen aktivləşə bilir və xəstəlik yaranır. Bura həm daxili, həm də xarici faktorlar aiddir. Xarici faktorlar içərisində ekoloji amili, xüsusilə radiasiyanı qeyd etmək lazımdır. Təsadüfi deyil ki, radiasiyanın güclü olduğu regionlarda xəstəliyin başvermə tezliyi xeyli yüksəkdir. Məsələn, Yaponiyadakı "atom bombası" faktoru və ya keçən əsrin 80-ci illərində baş verən Çernobıl faciəsindən sonra həmin ərazidə yaşayanlar arasında leykoz xəstəliyinə tutulanların sayı dəfələrlə artıb. Proses uzun illərdir ki, davam edir. Radiasiya faktorunun gen aparatına göstərdiyi dağıdıcı təsir mutasion dəyişikliklərin yaranmasına təkan verir və xəstəliyin baş qaldırması ilə nəticələnir.

Kimyəvi maddələrin məişətdə geniş tətbiqi, zərərli və zəhərli qazlarla atmosferin çirklənməsi genetik aparatda pozucu amilə çevrilərək xəstəliyin yaranmasına səbəb olur. Leykoz xəstəliyinin yaranmasında virus faktorunun, xüsusilə Epşteyn-Barr virusunun böyük rolu var.

Eyni mühitdə yaşayan, eyni fiziki-kimyəvi amilə məruz qalanların bir qismində leykoz xəstəliyi yarandığı halda, digər qismində yaranmamasının səbəbi barədə danışan hemotoloq deyib: "Burada daxili amillərin rolunu qeyd etmək lazımdır. Genetik və psixoloji amillər xəstəliyin yaranmasında mühüm və həlledici rol oynayır. Əhalinin genetik sağlam hissəsində, xromosom aparatı daha möhkəm olanlarda xəstəliyə tutulma ehtimalı daha az olur və əksinə, sağlam olmayanlar daha tez xəstəliyə tutulurlar.

Psixoloji amillər içərisində qorxu və stress faktorları xüsusi qeyd edilməlidir. Onların təsiri altında onkogen üzərində nəzarətin kəskin azalması nəticəsində onun fəaliyyəti aktivləşir və xəstəlik yaranır.