Böyrəksidik kisəsi daşlarını necə parçalamaq olar? Ən effektiv bitkilərdən FİTOTERAPİYA


Digərləri 07 Dek 2018 22:44:00 272 0

Böyrəksidik kisəsi daşlarını necə parçalamaq olar?  Ən effektiv bitkilərdən FİTOTERAPİYA

Böyrəklər orqanizmdə gedən su-duz mübadiləsinə, cinsi funksiyaya, digər orqanların, eləcə də mərkəzi sinir sisteminin düzgün işləməsinə xidmət edir. Kalsium balansının pozulması orqanizmdə 150-yə yaxın xəstəlik əmələ gətirir və onlardan biri də böyrək-sidik kisəsində daşların yaranmasıdır. Maddələr mübadiləsinin pozulması və həzm prosesinin düzgün getməməsi, mədə-bağırsaq sisteminin öz işinin öhdəsindən layiqincə gəlməməsi digər orqanlarla yanaşı böyrəklərin də işinə mənfi təsir göstərir.

Böyrəklərdə, eləcə də sidik kisəsində oksalat, fosfat, urat və mərcan daşları ola bilər. Onların mənşəyi daha çox qidadan asılı olur. Mərcan daşları xüsusi reseptlərə tabe olur.

Son.az medicina.az-a istinadən bildirir ki, bitkilərin xüsusiyyətinə bələd olmadan qəbul etmək düzgün deyil. Həmin bitkilər daşları iri hissələrə parçalamaq xassəsinə malik olsa da, parçalanma nəticəsində daşların iri hissələri sidik və böyrək kanalını, eləcə də sidik kisəsinin çıxacağını tutaraq fəsadlar yaradır. Məsələn, sarıçıçək bitkisində belə bir xüsusiyyət var. Böyrək-sidik sistemi daşlarının müalicəsi zamanı adi qarpız, sulu armud, qırxbuğum, itburnu, itburnunun kökü, böyürtkənın kökü, günəbaxanın kökü və s. kimi bitkilər daha yaxşı təsir göstərir.

Böyrək-sidik kisəsi daşlarının parçalanması zamanı son dərəcə diqqətli olmaq və mütəxəssislərlə məsləhətləşmək lazımdır.

6 stəkan xırdalanıb doğranmış günəbaxan kökləri üzərinə 3 litr qaynar su tökülərək 5 dəqiqə qaynadılır, süzülür və soyuducuda saxlanır. Gündə 3-4 dəfə yeməkdən yarım saat əvvəl içilir. Dərman qurtarandan sonra günəbaxan köklərini yenə də eyni miqdarda su ilə bu dəfə 10 dəqiqə qaynadılaraq proses təkrar edilir. Axırıncı dəfə suyun miqdarını artıraraq 2 litrə, qaynatma prosesi 15 dəqiqəyə çatdırılır və süzüləndən sonra günəbaxan kökləri atılır.

Kökləri ilə birlikdə 2 dəstə çoxillik cəfəri, 1 dəstə şüyüd və 2 ədəd limon yuyularaq xırdalanır, limonların tumları çıxarılaraq doğranır. Emallı qazanda 1,5 litr su qaynadılaraq doğranmış tərəvəzlər 15-20 dəqiqə dəmlənir. Sonra doğranmış limon qabıqlı şəkildə əlavə olunaraq yenə 12-20 dəqiqə dəmlənir, soyudulur. Dəmləmənin gün ərzində yeməkdən qabaq və sonra içilməsi daşları tədricən əridir, sidiyəgetməni yaxşılaşdırır.

3 çay qaşığı cirə toxumu 3 stəkan suda dəmlənir və gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan içilir.

1 xörək qaşığı itburnu meyvəsi xırdalanır, 50 qram qarğıdalı saçağı 1 litr qaynar suda 1 sutka dəmlənir, süzülərək yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan qəbul edilir.

İran xurmasının tumu yandırılır, narın kül halına düşməsi üçün həvəngdəstədə və ya kofeçəkəndə xırdalanır, 1 stəkan kül 1 litr ağ şirin şərabla qarışdırılır. Qarışıq hər gün çalxalanılmaq şərti ilə 1 həftə qaranlıq yerdə saxlanır. Qarışıq 30 dəqiqə emallı qazanda vam ocaqda qaynadılır, ilıq hala düşəndən sonra süzülür. Gün ərzində yeməkdən 30 dəqiqə əvvəl 50 qram qəbul edilməsi sidik kisəsindəki daşları parçalayaraq qum halına salır və xaric olunmasına səbəb olur.