Yaxın Şərqdə yeni ixtilafa doğru:


Siyasət 07 Dek 2018 18:22:00 242 0

Yaxın Şərqdə yeni ixtilafa doğru:

Son.az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Ərəb-müsəlman ölkələrində kifayət qədər iqtisadi, siyasi və geosiyasi problemlərin olduğu məlumdur. Yaxın Şərqdə terror uzun illərdir ki, insanlara böyük faciələr yaşadır. Onun səngiməsi ehtimalı isə görünmür. Burada baş verən hadisələrə dünyanın demək olar ki, bütün böyük dövlətləri qarışıblar. ABŞ-la Rusiya arasında isə həmin region uğrunda əsl savaş gedir. Onlar imkanlarında olan bütün vasitələrdən istifadə edirlər. Bu prosesə yerli böyük dövlətlər də qatılıblar. İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digərləri hadisələrdən kənarda qala bilmirlər. Xüsusilə Suriyada hadisələr çox təhlükəli məzmun çalarları alır. Son günlər bütün bunlara bir informasiya da əlavə olunub. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Suriyadakı PKK/PYD qruplarına maliyyə, silah-sursat və əsgəri dəstək verməyi qərara alıblar. Bu informasiyanın doğru olması halında regionda geosiyasi vəziyyətin daha da ağırlaşacağına ekspertlər şübhə etmirlər. Üstəlik, daha geniş miqyasda təhlükəli proseslərin meydana çıxa biləcəyi ehtimal edilir.

Açıq və gizli planlar: müsəlman aləminin parçalanması

Yaxın Şərqdə parçalanma siyasətini hansı kənar qüvvələrin apardığı məlumdur. Regionda yerləşən müsəlman ölkələri arasında ixtilaflar yaratmaqla ümumi geosiyasi mənzərəni fraqmentlərə ayırmaq məqsədi illərdir ki, həyata keçirilməyə çalışılır. "Ərəb baharı" adlanan hadisə ilə bu proses yeni intensivlik kəsb etdi. Demək olar ki, bütün ərəb dövlətləri həmin prosesə qatıldı və bir-birinin ardınca problemlər yaşamağa başladılar. Onlara "ya məlum dairənin direktivlərinə uyğun hərəkət edəcəksiniz, ya da problemləriniz bitməyəcək" kimi konkret şərt qoyulur.

Bu problemlərin başında terror dayanır. Din pərdəsi altında kənardan verilən direktivlər əsasında yaradılan radikal dinçi qruplar dinc əhaliyə divan tutur, eyni zamanda, mövcud dövlətçiliyi zəiflədən fəaliyyət göstərirlər. Nəticədə, Yaxın Şərqdə yerləşən ərəb dövlətləri arasında münasibətlərin yaxşı səviyyədə olduğunu deyə bilmirik. Proses bununla məhdudlaşmır.

Yaxın Şərqi parçalama siyasətinin uğurlu olması üçün Türkiyə, İran və həm də Pakistanla bağlı müəyyən siyasət yeritmək lazım gəlir. İran və Türkiyəni coğrafi mövqelərinə görə birbaşa ixtilaflara sürükləyirlər. İrana qarşı sərt addımlar atılır. Hazırda onu sanksiyalarla çökdürməyə çalışırlar. Bununla bir tərəfdən Tehranı zəiflədir, digər tərəfdən onun Yaxın Şərqdəki hadisələrə müdaxiləsini məhdudlaşdırmağa cəhd edir, bu mənada məzhəb faktorundan daha çox yararlanmağa çalışırlar. İndi İranla Yaxın Şərqin ərəb ölkələri arasında ciddi narazılıqlar mövcuddur. Məzhəb ayrı-seçkiliyinin təhlükəli tərəflərindən biri dinc insanların bir-birinə əsassız yerdə düşmən kəsilmə ehtimalının yüksək olmasındadır. Bu da ümumiyyətlə, müsəlman əhalisi arasında bir-birinə qarşı nifrət və dözümsüzlük əhval-ruhiyyəsi yarada bilər.

Belə görünür ki, prosesləri yeni səviyyəyə keçirməyə hazırlaşırlar. Artıq sünni müsəlman dövlətləri arasında intriqalar yaratmaq planlarının işlədiyi duyulur. Konkret olaraq, bir neçə təxribatçı hərəkətlərdən sonra Körfəz ölkələri ilə Türkiyə arasında ixtilaf yaratmağa cəhd edilir. Bunu təsdiq edən konkret faktlar özünü göstərməkdədir.

Məlum "Camal Qaşıqçı cinayəti" həmin prosesdə xüsusi rol oynadı. Cinayəti Türkiyə ərazisində törətməklə avtomatik olaraq Ankaranı bu hadisəyə qatdılar. Eyni zamanda, cinayət ciddi və mürəkkəb sirr pərdəsi ilə hələ də örtülü olaraq qalır. Onun açılmaması dövlət olaraq Türkiyənin imicinə zərbədir. Çünki ərəblər Türkiyəni özlərinə lider hesab edirlər. Onlar Ankaranın bütövlükdə müsəlmanların haqları və maraqlarının təmini istiqamətində böyük işlər gördüyünü açıq bəyan edirlər.

Bir neçə dəfə Qəzzədə İsrail əsgərləri ilə fələstinlilərin qarşıdurmasında türk bayrağı qaldırmışdılar. Bundan başqa, Ankara aktiv surətdə fələstinlilərin siyasi hüquqlarının müdafiəçisi kimi çıxış edir. "Camal Qaşıqçı cinayəti"nin açılmaması məhz bu imicə zərbə vurmağa xidmət edir. Çünki deyirlər ki, öz ərazisində müsəlman fəalı müdafiə edə bilməyən Türkiyə necə bütün dünyadakı müsəlmanların müdafiəçisi kimi çıxış edə bilər. Yəni Ankaraya inanmayın və ümid etməyin - müsəlmanları müsəlman dövlətlərindən heç kim müdafiə edə bilməz. Bəs onda kim bu rolda çıxış edə bilər? Cavab, bizcə, aydındır!

Bu bağlılıqda yeni bir oyuna başlamaqdadırlar. Onu da Ər-Riyadın əli ilə etməyə çalışırlar. Belə ki, Buenos-Ayresdə "Böyük iyirmilik" ("G-20") ölkələrinin liderlərinin sammitində həm Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla bağlı bir şou yaratdılar, həm də eyni vaxtda informasiya yayıldı ki, Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri Suriyadakı PKK/PYD-yə maliyyə və hərbi dəstək verməyə başlayırlar. Bu informasiya bir neçə aspektdə düşündürücüdür.

"Günahkar" qonşular: yanlış yerdə düşmən axtarışı

Birincisi, Suriyada məhz PKK/PYD qruplaşması sünni ərəblərə və kürdlərə divan tutur. Türkmənlər haqda demirik, çünki onlara qarşı PKK hər yerdə zalımdır. Ər-Riyad öz məzhəb mənsublarına divan tutanlara "yardım" edərkən hansı meyarlara əsaslandığını özü bilər. Ancaq aydın görünür ki, bu ölkə də müsəlman faktorundan formal, öz siyasi və geosiyasi maraqları çərçivəsində "istifadə edir". Yəni Səudiyyə rəsmiləri hakimiyyətləri xatirinə istənilən müsəlmanı "bada verə bilərlər".

İkincisi, Ər-Riyadda müəyyən dairələrin "Camal Qaşıqçı cinayəti" ilə birbaşa bağlı olduğu şübhə doğurmur. Bu hadisə Türkiyənin Yaxın Şərqdəki bir sıra ərəb dövlətlərini aktiv müdafiəsi və İrana dəstək verməsi ilə əlaqəli ola bilər. Mümkündür ki, olayın bir qolu Qərbin geosiyasi maraqlaına gedib çıxır. Çünki elə məsələlər var ki, Ankaraya qarşı açıq istifadə edə bilmirlər.

Üçüncüsü, Türkiyənin Suriyada teroru məhv etmə siyasəti çox aktivdir və bu siyasət öz bəhrələrini verməkdədir. Görünür, hadisələrin bu cür gedişi bir sıra mərkəzləri heç qane etmir. Və Ankaranı yolundan döndərmək üçün addımlar atılır.

Bütün bunların fonunda Ər-Riyadla Əbu-Dabinin Suriyada terror qruplarına yardım etmək qərarına gəlməsi öncədən aparılan siyasətin yeni bir fraqmenti təsiri bağışlayır. Onu vurğulayaq ki, bir neçə ay bundan öncə Amerika Münbiç də daxil olmaqla müəyyən ərazilərdə terror qruplarını birləşdirməyə başlayıb və həm də yerli əşirətləri onlarla bir araya gətirməyə çalışır. O zaman belə informasiya yayıldı ki, həmin ərazidə yerləşən və Ər-Riyada yaxınlığı ilə seçilən ərəb tayfaları bu plana razılıq veriblər. Hətta onlar terrorçularla birgə sözdə konqres (parlament) də yaradıblar. Belə görünür ki, bu prosesə artıq iki varlı ərəb dövlətini açıq şəkildə qoşmağa cəhd edirlər.

Nəticədə, nə kimi bir mənzərə yaranır? Yaxın Şərqdə sünni-şiə fikir ayrılığına sünni-sünni qarşıdurması əlavə oluna bilər. Bununla regiondakı ərəb dövlətləri də daxil olmaqla ciddi ixtilafların əsası qoyulur. Bu sırada ən pisi odur ki, bu ixtilaf terrora dəstək müstəvisində də özünü göstərə bilər. Bu halda müsəlman dövlətlərinin özləri də bri-birinə qarşı terror qrupları yaratmağa çalışarlar. Onda nə Amerikaya, nə Avropaya, nə də bir başqasına ehtiyac qalmaz.

Yaxın Şərqin böyük dövlətləri arasında isə sonu görünməyən geosiyasi çəkişmələr başlaya bilər. Bir müddət əvvəl Ankara ilə Ər-Riyad İslam Ordusu yaratmaqla bağlı müzakirələr aparırdılar. İndi bu kimi layihələrdən danışmaq belə çətindir. Ankara dəfələrlə bütün müsəlman dövlətlərinin birləşməsi zərurətini vurğulayırdı. Bəs indi Yaxın Şərqdə müsəlman dövlətləri arasında nə qədər fikir ayrılıqları yaradılıb? Belə bir şəraitdə hansı birlikdən danışmaq olar?

Belə çıxır ki, Suriyada Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin PKK/PYD-yə dəstək verməsi ilk növbədə müsəlmanlara qarşı atılan addımdır. Bununla böyük bir geosiyasi məkanda müsəlman əhali arasında daha dərin parçalanmalar aparırlar. Bundan kimlərin xeyir götürmək şansının olduğu məlumdur. Geosiyasi aspektdə təhlükəli olan başqa bir məqamı da qeyd etmək gərəkdir.

Suriyada Ər-Riyadla Əbu-Dabinin fəallaşması onları birbaşa Tehranla toqquşmaya aparır. Vaşinqton dəfələrlə bəyan edib ki, əsas məqsədi Suriyadan İranı sıxışdırmaqdır. Əgər ABŞ-ın bu mövqeyini iki ərəb dövləti də dəstəkləyirsə, onda vəziyyət daha da mürəkkəbləşir. Çünki İrana qarşı Suriyada hərəkət edəcək qüvvələr arasında Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri də yer almış olacaq. Bu o deməkdir ki, Ər-Riyad-Tehran qarşıdurması Yəməndən Suriyaya da sıçramış olacaq.

Burada önəmli olanı kimin qalib gəlmək şansının çox olmasında deyil. Bütövlükdə Yaxın Şərqdə böyük dövlətlər arasında anlaşılmazlıq və qarşıdurmaların daha da genişlənməsi ehtimalı düşündürücüdür. Ola bilsin ki, bu proses uzun illər davam etsin. Onun nəticəsi aydındır: regionun heç bir dövləti potensialını inkişafa sərf edə bilməyəcək. Özünü müdafiə etmək, təhlükəsizliyi təmin etmək paradiqması üstünlük təşkil edəcək. Bu, inkişafı hətta sadə adamların şüurundan belə çıxarır. Hər bir kəs düşmən kimi öz həmdinçisini görür və ona qalib gəlməyə çalışır. Elmi terminologiya ilə deyilsə, cəmiyyəti və fərdləri bürüyən xaos yarana bilər!

Təbii ki, bunlar təəssüf doğurur. Ancaq faktdır ki, Yaxın Şərqin bir sıra dövlətləri öz qonşularına qarşı düşmən mövqe tutmaqda davam edirlər. Onlar bütün problemlərinin yeganə səbəbini yaxın qonşularında axtarmağa meyllidirlər. Deyəsən, tayfa təfəkkürü bəzi müsəlman siyasi liderlərdə hələ də qalmaqdadır. Bu, ciddi problemdir.