Qarabağın varlı bəyinin sərvətinə Türkiyədə sahib çıxdılar FOTO


Digərləri 07 Dek 2018 13:43:00 242 0

Qarabağın varlı bəyinin sərvətinə Türkiyədə sahib çıxdılar  FOTO

Sovet hökuməti qurulanda Bərdədəki mülklərini itirsə də, burdan apardığı qızıllarla Türkiyədə yenidən böyük pullar qazanıb.

Qurbanalı bəy Qarabağın ən varlı kişilərindən olub.

Son.az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan"a Qurbanalı bəyin nəvəsi Lyudmila Xəlilova danışıb.

O bildirib ki, babası Bərdənin Otuzikilər kəndində yaşayıb: "Kəndin torpaqları və ona yaxın geniş ərazi babamın mülkü olub. Un üyütmək üçün dəyirman, iki mərtəbə mağazası fəaliyyət göstərib. Həm torpaq əkib-becərib, həm də ticarətlə məşğul olub. Rusiyaya, Avropa ölkələrinə gedir, oradan mal gətirib satırmış. At ferması, ilxısı, mal-qoyun sürüsü varmış. İndinin özündə də kənd camaatı haranı göstərmək istəyirsə, "ora Qurbanalının yeridir", yaxud da "Qurbanalının meşəsidir" deyirlər".

Milyonçunun nəvəsi babasının aşan-daşan sərvətindən misqal qədər belə, xeyir görmədiyindən heyfsilənir: "Yaxınlarda Bərdənin icra başçısının yanına gedib, babamın mülkü olmuş Otuzikilər kəndindən 5 sot torpaq istədim. Dedi ki, mümkün deyil. Kəndə gedəndə gördüm ki, başçı məndən qabaq çatıb ora. Yəqin fikirləşib ki, özbaşına torpaq ölçüb götürərəm".

L.Xəlilovanın sözlərinə görə, babası 1932-ci ildə Azərbaycanı tərk edib: "Ona Ağdamın milis rəisi olmuş dostu xəbər yollayıb ki, "filan vaxtı "NKVD" gəlib, səni aparacaq, bir tədbir fikirləş". Babamın da yaxşı atı varmış. Qızıllarını ata yükləyib İrana gedir. Orda Sovet hökumətinin xəfiyyələrindən qorunması çətinləşib, İranın hökumətindən təhlükəsizliyə təminat almadığına görə Türkiyəyə keçib".

"İzmir şəhərində yaşayıb və İzmir bələdiyyəsində məsul vəzifədə çalışıb. Apardığı sərvəti Türkiyədə yeni iş sahələrinin qurulmasına yatırıb. Yenidən orda zəngin olub. 1963-cü ildə dünyasını dəyişəndə bütün var-dövlətini atam Kərimə miras qoyub. Burdakılar bu xəbəri Azadlıq radiosundan eşidiblər" - müsahibimiz danışır.

O bildirir ki, babası Azərbaycanı tərk edəndən sonra geridə qalan qohumları üçün çox çətin olur: ""NKVD"-nin əməkdaşları Qurbanalı bəyin oğlu Kərimi, yəni atamı meşədə ayağından asaraq cəzalandırıblar. Sonra da bəy oğlu olduğuna görə sürgünə göndərilib. Atam 1965-ci ildə Ukraynadan Azərbaycana ailə qurduğu rus xanımla qayıdıb. İki qızı, bir oğlu olub. Babam Türkiyədə dünyasını dəyişəndə var-dövlətini atama miras qoysa da, o, bunu açıb-ağartmadı. Ona çatacaq sərvətə sahib durmağa cəsarət etmədi. Hətta Moskva vasitəsilə vəsiyyətnamə ona gəlib çatsa da, vəsiyyətnaməni cırıb atdı. Ancaq 1997-ci ildə atam dünyasını dəyişəndə vəsiyyət etdi ki, babamızdan qalan var-dövlətə biz sahib çıxaq".

L.Xəlilovanın sözlərinə görə, SSRİ dağılandan sonra babalarının var-dövləti ilə bağlı iddia qaldırıblar: "Atamın ölümündən sonra Bərdə Rayon Məhkəməsinə müraciət etdim. Vəkil Yusif Səfərəliyev Türkiyənin müxtəlif qurumlarına yazıb, babamın vəsiyyətini doğrultmağa çalışdı. 2002-ci ildə Türkiyədən bizə qonaqlar gəldi, babamın ailə vəkili olduqlarını dedilər. Təkliflərini etdilər, biz də düşünəcəyimizi dedik. İkinci dəfə isə gördük tamam başqa fikirlə gəldilər. İmamzadə qəbiristanlığına gedib, atamın məzarına baş çəkiblər, çəkiliş aparıblar. Sonra bizim ölümümüz haqqında raport hazırlayıblar, guya babamın burdakı vərəsələrin hamısı ölüb".


Xəbərə aid fotolar