Ermənistan prezidentinə yerini göstərdilər:


Siyasət 07 Dek 2018 13:24:00 250 0

Ermənistan prezidentinə yerini göstərdilər:

Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı keçirilib. Rəsmi İrəvanın bu sammitlə bağlı gözləntiləri çox böyük idi. Baş nazir Nikol Paşinyan ən azı sammitdə "məhsuldar və gərgin danışıqlar" aparmaq, çoxsaylı görüşlər keçirmək niyyətində idi.

Paşinyanın son səfərlərində müxtəlif ölkələrinin dövlət başçıları ilə fotolar çəkdirməyə can atması, sonra bu fotoları Facebook səhifəsində paylaşaraq necə də uğurlu, aktiv, ən əsası isə "dünya birliyi tərəfindən qəbul olunan və təqdir edilən şəxs" olduğunu göstərmək istəməsi bəlli.

Nikol Paşinyan selfi mərəzini dövlət siyasəti səviyyəsinə qaldıran, prezidentlər və ya baş nazirlərlə şəkil çəkdirib kameraya diş ağardan siyasətçidir.

Siyasətə fotokamera obyektivindən baxan Paşinyan bu dəfə məsxərə obyekti oldu və erməni mediasının çox sevdiyi ibarəni xatırlasaq, "obyektiv reallıq"la qarşılaşdı.

Rusiyanın şimal paytaxtında keçirilmiş sammitin, sadəcə, adı "qeyri-rəsmi" idi. Nədən ki, dövlət başçılarının bir araya gəlməsində heç vaxt rəsmiyyət unudulmur, ölkələr arasındakı münasibətlər müzakirə olunur. Həmin müzakirələrdə isə udan tərəf təki, uduzan ölkə də olur və bu qaçılmazdır.

Qeyri-formal qismində təqdim olunan sammitlər həm də dövlət başçılarının önəmli, həlli təxirəsalınmaz olan problemləri təcili müzakirə etmək üçün vasitədir.

Nə də olsa, rəsmi sammitin vaxtı, yeri və sürəyinin əvvəlcədən razılaşdırılması, iş qrafiklərinə görə müəyyənləşməsi və s. kimi prosedurlar xeyli vaxt alır.

Və ən nəhayət, qeyri-rəsmi sammitlər dövlət başçılarının həmkarları ilə münasibətlərdə malik olduğu yeri, onun rəhbərlik etdiyi ölkənin mövqeyini göstərir.

Qeyri-rəsmi şəraitdə çox rəsmi məqamlar ustalıqla nümayiş olunur.

Sankt-Peterburqdakı sammitin mediada yayılmış fotolarında da sadalanan məqamlar açıq görünür.

Təbii, Avrasiya formatında istənilən forumun, anlaşmanın və strukturun mərkəzi fiqurlarının Rusiya ilə Çin olduğu məlum. MDB məkanınınsa şəksiz lideri Rusiyadır.

Rusiyanın bölgədəki yeri təki, bu ölkənin prezidenti Vladimir Putinin nüfuzu da apriordur.

Di gəl, "kiçik qardaş", "kölə" və "Cənubi Qafqazdak forpost" statuslarından qurtulmağa çalışan Ermənistanda son illərdə fasiləsiz güclənən anti-Rusiya çağırışları, müxalifət siyasətçilərindən tutmuş, nazirlərə və millət vəkillərinədək ən geniş müstəvidə "Rusiya imperializmi" ifadəsinin geniş yayılması Rusiyanın qıcıqlandırmaya bilməz.

Ermənilərin "böyük qardaş" demələrinə rəğmən, Rusiyadan, sadəcə, bəhrələnməyə çalışdıqlarını Moskva anlamağa başlayıb.

Baş nazir Nikol Paşinyan kimlərin, hansı dövlətlərin və nəyin hesabına hakimiyyətə gəlməsini, "erməni inqilabı"nın, əslində, ABŞ-da hazırlanmış ssenari olduğunu da Moskva bilir.

Rusiya rəhbərliyində Nikol Paşinyana olan antipatiya, daha dəqiq desək, Kremlin Paşinyandan zəhləsinin getməsi də artıq ehtimal yox, reallıqdır.

Bu səbəbdən də Rusiyanın MDB və Avrasiya siyasətində Ermənistana ayrılmış rol, yer və pay dəyişib.

Sankt-Peterburq sammitində də Paşinyanın arxa planda qalması, bir çox hallarda isə ümumiyyətlə, fotoqrafların çəkdikləri fotolarda kadra düşməməsi anlaşılandır.

Məsələ Kremlin Paşinyana olan antipatiyası yox, Rusiyanın Ermənistana olan münasibətinin dəyişməsidir. Çünki Ermənistanın sabiq prezidenti Serj Sarqsyan da hakimiyyətdə olanda belə münasibətlə daim qarşılaşıb.

Rusiya, əslində, heç vaxt Ermənistan hakimiyyətinə inanmayıb. Bu hissin əsasında sadə aksiom var: bir dəfə xəyanət edən yenə xəyanətə əl atacaq.

Sarqsyanın yolunu indi Nikol Paşinyan davam etdirir. O da xələfi təki Qərbin marionetkası olmadığını göstərməyə çalışır, Rusiyanın əleyhinə açıqlamalar vermir.

Amma nə olsun: Kreml Paşiyanın İrəvan yuvasının quşu olduğunu bilir.

Sankt-Peterburq sammitində Nikol Paşinyanın bilərəkdən alçaldılması, əslində, bütün Avrasiya məkanına Moskvanın verdiyi mesaj idi.

Mesaj sadədir: Ermənistanda kimin hakimiyyətdə olması Rusiyaya əsla önəmli deyil. Önəmli olan bu önəmsiz ölkənin Rusiya maraqlarına ziyan vurmamasıdır.

MDB məkanında isə əsas oyunçular indi Rusiya, Qazaxıstan, Azərbaycan və Belarusdur.

Kreml Ermənistanın diqqətinə bunu çatdırdı.

Orxan Hun Son.az