Polşada Azərbaycan Ticarət Evi açılıb (FOTO)


Digərləri 07 Dek 2018 10:19:52 262 0

Polşada Azərbaycan Ticarət Evi açılıb (FOTO)

Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evi açılıb.

Bakı. Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evi açılıb. Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Nazirlik tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın Polşada satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək. Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar, o cümlədən spirtli içkilər, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə suları, mineral sular, kosmetik məhsullar və s. nümayiş olunur. Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunmuş tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Polşanın rəsmi şəxsləri və iş adamları iştirak ediblər. Tədbirdə çıxış edən Ş.Mustafayev Polşada Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, Polşada Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi də məhz 2017-ci ildə Polşada təyin olunub. Qeyd olunub ki, strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Polşa əlaqələri uğurla inkişaf edir. Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Azərbaycan və Polşa arasında ticarət əlaqələrinin inkişafını vurğulayan Şahin Mustafayev qeyd edib ki, bu ilin ilk 9 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artıb. İndiyədək Polşa Azərbaycana 20 mln. dollardan çox, Azərbaycan isə Polşaya 6,5 mln. dollar investisiya yatırıb. Hazırda Azərbycanda xidmət, sənaye və ticarət sahələrində 21 Polşa şirkəti fəaliyyət göstərir. Əməkdaşlığın inkişafı perspektivlərindən danışan İqtisadiyyat naziri ölkələrimiz arasında sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm və digər sahələrdə böyük potensialı diqqətə çatdırıb.