Azərbaycan terrora qarşı


Siyasət 07 Dek 2018 10:10:43 275 0

Azərbaycan terrora qarşı

Azərbaycana terrorla mübarizədə fəaliyyətinə beynəlxalq səviyyədə yüksək qiymət verilməsi, eləcə də onun qlobal terrorizm reytinqində irəliləməsi həm çox mühüm, həm də gözlənilən hadisədir.

Bu fikirləri Son.az-a xüsusi xidmət orqanlarının yüksək rütbəli sabiq əməkdaşı, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev Avropa Şurasının MONEYVAL Komitəsində Azərbaycanın terrorçuluqla mübarizədə əldə etdiyi uğurları yüksək dəyərləndirilməsinə, eləcə də İqtisadiyyat və Sülh İnstitutunun "Qlobal terrorizm indeksi" hesabatında reytinqinin 3 pillə yüksəlməsinə münasibətində bildirib.

Onun sözlərinə görə, Azərbaycan hazırda həm milli təhlükəsizlik, həm də regional və qlobal təhlükəsizlik baxımından çox mühüm əhəmiyyətli işlər görür: "Bu, eyni zamanda milli təhlükəsizlik konsepsiyası çərçivəsində dövlətə, milli təhlükəsizliyə qarşı təhdidin, həmçinin terror təşkilatlarının marağının qarşısının alınması deməkdir. Milli təhlükəsizlik konsepsiyasına əsasən, Azərbaycan hazırda müharibə şəraitində olduğuna görə həm erməni terrorizminin, həm də regional baxımdan sərhədlərimizdən çox da uzaqda olmayan ərazilərdə gedən silahlı münaqişələrin təsirindən irəli gələn təhdidlərin qarşısının alınmasında mühüm işlər görür.

Azərbaycan terrorla mübarizəni gücləndirir - Təhlükə azalır, reytinq qalxır Qlobal məsələlərə gəlincə, Azərbaycan beynəlxalq təşkilatların sülhməramlı missiyalarının tərkibində iştirak edərək qlobal təhlükəsizliyə qarşı mübarizədə öz əzmini ortaya qoyur. Buna nümunə olaraq Əfqanıstan və Cənubi Sudandakı sülhməramlı fəaliyyəti göstərmək olar. Yəni Azərbaycan terroru doğuran bütün təzahürlərin qarşısının alınmasında təsirli dərəcədə əhəmiyyətli töhfələr verir. Bura milli təhlükəsizlik baxımından əməliyyat şəraitinə nəzarətdən tutmuş terror təşkilatlarının, dünyada terror təşkilatları kimi tanınmış radikal dini qruplaşmaların törədə biləcək terror aktlarının qarşısının alınmasınadək məsələlər daxildir. Burada regional terrorizmlə mübarizəni və onun qarşısının alınmasında həm hüquq-mühafizə, həm güc strukturları, həm də xüsusi xidmət orqanlarının rolunu, onların təqdirəlayiq fəaliyyətini, zəhmətini də qeyd etmək lazımdır. 

Eyni zamanda Azərbaycanın iştirak etdiyi müxtəlif böyük layihələrin, o cümlədən logistika və enirji təhlükəsizliyinə təhdid ola biləcək terrorun da qarşısının alınmasında mühüm işlər görülür. Nəticədə bu işlər beynəlxalq səviyyədə, hətta ABŞ rəhbərliyi səviyyəsində dəyərləndirilir".

Qeyd edək ki, "Qlobal terrorizm indeksi" hesabatındakı reytinqin ilk sətirlərində terrorçuların fəaliyyəti və terror təhlükəsi kifayət qədər yüksək olan, sonuncu yerlərdə isə, ən təhlükəsiz ölkələr yer alıb. Azərbaycan 138 mümkün yerdən 98-ci sırada qərarlaşıb və bu göstərir ki, ölkədə praktiki olaraq, terror təhlükəsi yoxdur.

Bu göstəriciyə əsasən, Azərbaycan regionda liderə çevrilib. Ermənistan 83-cü, Gürcüstan isə 89-cu yerdə qərarlaşıb. Dünyada ən çox terror təhlükəsi olan ölkələr siyahısına İraq, Əfqanıstan və Nigeriya üçlüyü başçılıq edir.

İlkin İzzət Son.az