“Azərxalça”nın Quba filialının fəaliyyətə başlamasından bir il ötür (FOTO)


Digərləri 06 Dek 2018 17:14:00 255 0

“Azərxalça”nın Quba filialının fəaliyyətə başlamasından
bir il ötür (FOTO)

Quba qədim ticarət yollarının, o cümlədən Böyük İpək Yolunun kəsişməsində yerləşdiyi üçün tarix boyu ticarət və sənətkarlıq mərkəzi olub.

Bakı. Quba qədim ticarət yollarının, o cümlədən Böyük İpək Yolunun kəsişməsində yerləşdiyi üçün tarix boyu ticarət və sənətkarlıq mərkəzi olub. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, etnoqrafik cəhətdən çox zəngin olan Quba xalçaçılıq ənənələrinin də yarandığı və inkişaf etdiyi bölgələrdəndir. Burada ayrı-ayrı kəndlərdə xalçaçılıq sənəti uğurla davam etdirilərək nəsildən-nəslə ötürülüb. Zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı xovlu və xovsuz xalçalar yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilib. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba xalçaları sarayların, şəxsi kolleksiyaların, məşhur muzeylərin bəzəyi olub. Quba bölgəsində toxunan xalçaların üzərində öz əksini tapan müxtəlif formalı butalar, damğalar, gül, ağac, quş, əjdaha, nəzərlik, ulduz, ox kimi elementlər yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında yaratdığı rəng ahəngi xalça və xalça məmulatlarına təkrarsız gözəllik bəxş edir. Bütün bunlar nəzərə alınaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ilk filiallarından biri də məhz Quba şəhərində açılıb. Qubadakı xalça istehsalı emalatxanası ötən il dekabr ayının 7-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Filialda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib. Burada əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərinə xas olan tarixi və orijinal çeşnilər əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Fəaliyyət göstərdiyi dövrdə Quba filialında qədim zamanlardan bu ərazidə yaradılmış Zeyvə, Pirəbədil, Qonaqkənd, Zeyxur, Çiçi, Qaraqaşlı, Şahnəzərli və başqa tarixi çeşnilər əsasında xalçalar toxunub. İndiyədək filialda ümumi ölçüsü 365 kvadratmetr olan 130 ədəd xalça toxunub. Hazırda bu filialda ərsəyə gətirilən ən böyük xalçanın toxunması davam etdirlir. Bu, qədim Şirvan çeşnisi əsasında toxunan, 24 kvadratmetrlik xalçadır. 70-ə yaxın toxucunun fəaliyyət göstərdiyi filialın işçiləri Quba şəhərinin, rayonun Aşağı Atuc, Əlibəyqışlaq, İkinci Nügədi, Ağbil, Mirzəmməd və Dağlı kəndlərinin sakinləridir. Gənclərin xalçaçılıq sənətinə yönləndirilməsi dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrdən biridir. Çünki məhz bununla varislik təmin olunur, xalçaçılıq sənəti yaşadılır. Ölkə rəhbəri Quba filialının açılışında bu məsələnin əhəmiyyətindən danışaraq demişdi: “Mən burada gəncləri də görürəm. Buna da çox sevinirəm. Yəni, bu sənətə çox böyük maraq var. Ölkəmizin dünyada təbliği işində xalçaçılıq bəlkə də ən öndə gedən sənətlərdən biridir”.