Televiziyalar MTRŞnın ədəbi dillə bağlı iradlarına münasibət bildirdi


Digərləri 06 Dek 2018 16:48:00 243 0

Televiziyalar MTRŞnın ədəbi dillə bağlı iradlarına münasibət bildirdi

Azərbaycan televiziyaları Milli Televiziya və Radio Şurasının (MTRŞ) ötən gün keçirilən hesabat iclasında televiziyalarda ədəbi dilin bütün normalarının pozulması ilə bağlı iradlarına münasibət bildirib.

Son.az report-a istinadən bununla bağlı televiziyaların mövqeyini təqdim edir:

ARB televiziyasının mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli sayta deyib ki, dünən baş tutan tədbir olduqca böyük əhəmiyyət kəsb edirdi: "Hər bir televiziyaya lazımi raportlar verildi və biz də öz növbəmizdə bu iradları aparıcılarımıza çatdırıb bütün zəruri tədbirləri görəcəyik".

"Lider" televiziyasının "Lider Xəbər" departamentinin rəhbəri Aynurə Vəliqızı report-a açıqlamasındatəmsil etdiyi efir məkanı ilə bağlı qüsurların az olduğunu deyib: "Buna baxmayaraq dünənki iclasdan qayıdan kimi xəbər və şou aparıcıları ilə danışıqlar oldu və onlara bəzi tövsiyələr verildi. Bir faktı da qeyd edim ki, televiziyamızda tanınmış dil mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təlimlər təşkil edilir. "Lider" televiziyası yaranandan bu məsələyə ciddi fikir verilir. İşimizi bundan sonra daha da gücləndirəcəyik. Gələcəkdə televiziyamızın bu cür siyahıda adının çəkilməsini istəmirik. Fəaliyyətimizi elə adımıza uyğun olaraq davam etdirmək niyyətindəyik".